Tramp yoluna qarşı Putin yolu - real layihə, yoxsa siyasi mesaj?
Rusiyadan Ermənistana qədər uzanacaq “Putin yolu” ideyası regionda yeni geosiyasi müzakirələrin başlanmasına səbəb olub.
“Rusiya və dünya: dialoqlar 2026. Yeni reallıq” adlı beynəlxalq konfransda səsləndirilən təklif Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin gələcəyi ilə bağlı diqqətləri bir daha bölgəyə yönəldib.
Təşəbbüsün müəllifi, Rabitələrin İnkişafı üzrə Milli Elmi-Tədqiqat İnstitutunun direktoru Qasumyanov bildirib ki, əgər ABŞ Prezidenti Donald Trump üçün Azərbaycandan Türkiyəyə uzanan marşrut müzakirə olunursa, o zaman Rusiyadan Abxaziya və Gürcüstan üzərindən Ermənistana gedən “Putin yolu”nun da gündəmə gəlməsi mümkündür.
Onun bu açıqlaması regionda yeni siyasi və iqtisadi marşrutların formalaşdırılması ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu, Ermənistanı çətin vəziyyətdə qoymaq və Putinin xoşuna gəlmək xarakterli bir təklifdir, lakin əsaslandırılmamış bir təşəbbüsdür. Əgər belə bir dəmir yolunun çəkilməsi mümkündürsə, bu günə qədər Ermənistan blokadada qalarkən özünü dost və qardaş hesab etdiyi müttəfiq niyə həmin dəmir yolunu inşa etmirdi? Bu, ilk sualdır.
Digər bir məsələ, Abxaziyanın Rusiyanın işğalı altında olmasıdır. Gürcüstan hakimiyyəti nə qədər Rusiya yönlü mövqe sərgiləsə də, gürcü xalqı bu reallığı qəbul etmir. Ona görə də razılaşdırılmadan Abxaziyadan keçərək Gürcüstan vasitəsilə Ermənistana uzanacaq dəmir yolu ciddi suallar doğurur.
Digər tərəfdən, Rusiya hazırda maliyyə çətinlikləri ilə üzləşib və eyni zamanda müharibə aparmaq yükü daşıyır.
Əlavə olaraq, bu cür dəmir yolunun Ermənistana qədər çəkilməsini kimin maliyyələşdirəcəyi də sual altındadır. Rusiya buna hazırdırmı?
Bu, üçüncü və dördüncü əsas məsələlərdir. Sadəcə “Tramp yolu varsa, mütləq Putin yolu da olmalıdır” məntiqi ilə yanaşmaq doğru deyil. Bu miqyasda böyük investisiyalara Rusiyanın indiki şəraitdə gedib-getməyəcəyi və layihənin hansı zaman çərçivəsində reallaşa biləcəyi ciddi suallar doğurur.
Hazırkı vəziyyətdə bu, daha çox xəyal kimi görünür. Nəhayət, beşinci məsələ ondan ibarətdir ki, əgər Ermənistana birbaşa nəqliyyat kommunikasiyaları lazımdırsa, xüsusilə Rusiyaya çıxışı olan dəmir yolu nəzərdə tutulursa, bu perspektiv əslində “Tramp yolu” deyilən avtomobil və nəqliyyat dəhlizi kontekstində də müzakirə olunur.
Rusiya istiqamətindən başlayan nəqliyyat xəttinin Azərbaycan ərazisindən keçərək Ermənistana, oradan isə Türkiyəyə çıxış imkanı yaratması daha perspektivli variant kimi görünür.
Belə olduğu halda əlavə xərclərə və uzunmüddətli layihələrə ehtiyac nə dərəcədə var sualı ortaya çıxır. Buna görə də hesab edirəm ki, bu məsələ daha çox siyasi məqsədlərlə gündəmə gətirilmiş, Ermənistanı çətin vəziyyətə salmağa yönəlmiş bir yanaşmadır.
Digər tərəfdən, “Putin yolu” ilə “Tramp yolu”nu eyniləşdirmək cəhdləri də bu müzakirənin bir hissəsi kimi görünür. Lakin hazırkı şəraitdə Rusiyanın Ukrayna müharibəsi fonunda üzləşdiyi çətinliklər nəzərə alındıqda, belə bir layihənin reallaşması həm inandırıcı deyil, həm də qeyri-real görünür.
Azərbaycan-Ermənistan münasibətlərinə təsir məsələsinə gəldikdə isə, bu, qeyri-real bir ssenaridir. Ortada olmayan bir layihənin Azərbaycanın ciddi şəkildə gündəmində olacağı düşünülmür və ümumilikdə ikitərəfli münasibətlərə də heç bir real təsir göstərməyəcəyi qənaətindəyəm".
Elmir Heydərli
17:10 22.05.2026
Oxunuş sayı: 57