İran–ABŞ sazişinin yekun layihəsinin yaxın vaxtlarda açıqlanacağı bildirilir
Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında hazırlanan razılaşmanın yekun layihəsi üzrə anlaşma əldə olunub və sənədin yaxın saatlarda dərc ediləcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, layihədə tərəflər arasında bir sıra əsas şərtlər nəzərdə tutulur. Onların sırasında bütün cəbhələrdə dərhal və hərtərəfli atəşkəsin elan olunması, eləcə də qarşılıqlı olaraq hərbi və strateji obyektlərin hədəfə alınmaması öhdəliyi yer alır.
Bundan əlavə, Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığının birgə monitorinq mexanizmi ilə təmin edilməsi planlaşdırılır.
Sənədə görə, İranın öhdəlikləri yerinə yetirməsi qarşılığında ABŞ sanksiyalarının mərhələli şəkildə yumşaldılması və ya ləğvi nəzərdə tutulur.
Həmçinin qeyd olunur ki, həll olunmamış məsələlərlə bağlı yeni danışıqların ən geci yeddi gün ərzində başlanması planlaşdırılır.
17:30 22.05.2026
Oxunuş sayı: 51