ABŞ İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
ABŞ dövlət katibi Marko Rubio İranla danışıqlarda “kiçik irəliləyiş” əldə olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, Rubio bildirib ki, ABŞ -nin paytaxtı Vaşinqton İranın paytaxtı Tehranın nüvə silahı əldə etməsini qəbuledilməz hesab etməyə davam edir. O, həmçinin yüksək zənginləşdirilmiş uran məsələsinin həlli və Hörmüz boğazında naviqasiya azadlığının təmin olunmasının vacibliyini vurğulayıb.
ABŞ dövlət katibi əlavə edib ki, ABŞ və Bəhreyn tərəfindən rekord sayda həmsponsorun dəstəyi ilə BMT qətnamə layihəsi hazırlanıb. Bununla belə, bəzi Təhlükəsizlik Şurası ölkələrinin sənədə veto qoymağı nəzərdən keçirdiyi bildirilib.
Bunun fonunda “Əl Ərəbiyyə” telekanalı ABŞ və İran arasında mümkün razılaşmanın detalları ilə bağlı məlumat yayıb. Bildirilir ki, sənəd hazırda hər iki tərəfin təsdiqini gözləyir.
Məlumata görə, layihədə bütün cəbhələrdə atəşkəs, Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığının təmin olunması, həmçinin İranın öhdəliklərini yerinə yetirməsi müqabilində ABŞ sanksiyalarının mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.
Saziş layihəsində tərəflərin suverenliyinə hörmət göstərilməsi, daxili işlərə qarışmamaq və ABŞ ilə İran arasında informasiya müharibəsinin dayandırılması da yer alıb.
16:00 22.05.2026
Oxunuş sayı: 48