Tehran–Vaşinqton xəttində kritik dönüş: Ən böyük maneə AÇIQLANIB
İran və ABŞ arasında aparılan dolayı danışıqlarda tərəflər arasında mövcud fikir ayrılıqlarının müəyyən qədər azaldığı bildirilsə də, yekun razılıq hələ əldə olunmayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyinin İranın yüksək vəzifəli mənbəsinə istinadən yaydığı məlumata görə, son diplomatik təmaslar zamanı tərəflər arasında bəzi fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində irəliləyiş müşahidə olunub.
Bununla belə, mənbə qeyd edib ki, regional və beynəlxalq vasitəçilik səylərinin davam etməsinə baxmayaraq, bir sıra strateji məsələlər üzrə ciddi fikir ayrılıqları qalır.
Bildirilir ki, əsas mübahisəli mövzular sırasında uranın zənginləşdirilməsi, İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcək taleyi və Hörmüz boğazına nəzarət məsələləri yer alır.
İranlı mənbənin sözlərinə görə, məhz bu istiqamətlər İran ilə ABŞ arasında aparılan danışıqlarda ən ciddi maneələr olaraq qalır və yekun razılaşmanın əldə olunmasını çətinləşdirir.
13:40 22.05.2026
Oxunuş sayı: 62