Aİ-də İsrail nazirinə qarşı sanksiya çağırışları güclənir
Avropa İttifaqının bəzi ölkələri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiqini müzakirə edir.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bir sıra Avropa dövlətləri Fələstin tərəfdarı “Sumud” donanmasının fəalları ilə bağlı insidentə görə nazirə qarşı məhdudiyyətlər tətbiq edilməsini istəyir.
İddialara görə, İsveç Xarici İşlər naziri Maria Malmer Stenergard Ben-Qvirə qarşı sanksiyaların “təcili tətbiq edilməli olduğunu” bildirib, Polşa isə nazirə ölkəyə giriş qadağası qoyacağını açıqlayıb. İtaliya Xarici İşlər naziri Antonio Tajani də məhdudiyyətləri dəstəkləyib.
Bununla belə, Çexiya Xarici İşlər naziri Petr Macinka da daxil olmaqla bir sıra ölkələr sanksiyalara qarşı çıxıb və bu məsələdə Aİ daxilində fikir ayrılıqları yaranıb.
Mayın 19-da İsrail Xarici İşlər Nazirliyi Qəzza istiqamətində hərəkət edən “Sumud” donanmasının bütün gəmilərinin saxlanıldığını, ümumilikdə 430 fəalın nəzarətə götürüldüyünü açıqlayıb.
12:45 22.05.2026
Oxunuş sayı: 48