Bakıda “Türk Mətbəxi Həftəsi” çərçivəsində ənənəvi ləzzətlər təqdim olundu
Bakıda Türk Mətbəxi Həftəsi qeyd olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində “Türk Mətbəxi Həftəsi” çərçivəsində təşkil olunan tədbirdə ənənəvi türk yeməkləri təqdim olunub.
Belə ki, Türk Mətbəxi Həftəsi münasibətilə keçirilən proqram Yunus Emre İnstitutu və Türkiyənin Bakıdakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, müxtəlif ölkələrin diplomatik nümayəndələri və deputatlar iştirak ediblər.
Qonaqlara yayla şorbası, yarpaq dolması, çiy köftə, qısır, içli köftə, lahmacun, mantı, tandır kababı, heyva və balqabaq desertləri daxil olmaqla türk mətbəxinin məşhur yeməkləri və şirniyyatları təqdim olunub.
Tədbirdə çıxış edən səfir Birol Akgün bildirib ki, türk mətbəxi minilliklər boyu formalaşan zəngin mədəniyyətin, ənənələrin və ortaq irsin mühüm hissəsidir. O, Emine Erdoğanın fikirlərinə istinad edərək qeyd edib ki, türk mətbəxi mədəni diplomatiyanın ən gözəl nümunələrindən biridir.
Səfir vurğulayıb ki, bu il “Miras Süfrəsi” mövzusu ilə keçirilən həftə çərçivəsində ənənəvi türk mətbəxinin sağlam, davamlı və sıfır tullantı prinsipinə əsaslanan xüsusiyyətləri dünyaya tanıdılır.
Akgün əlavə edib ki, ənənəvi yeməklər sadəcə reseptlər toplusu deyil, insanları bir süfrə ətrafında birləşdirən, ortaq anlayış və aidiyyət hissini gücləndirən mədəni dəyərlərdir.
06:55 22.05.2026
Oxunuş sayı: 65