Bişkek protokolu - 1994-cü ildə imzalanan sənəd bu gün necə qiymətləndirilir?
1994-cü ilin may ayında imzalanan Bişkek protokolu Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən ağır müharibənin dayandırılması istiqamətində atılmış ən mühüm addımlardan biri kimi tarixə düşmüşdür.
Bu sənəd bölgədə atəşkəsin təmin olunmasına və genişmiqyaslı döyüş əməliyyatlarının dayandırılmasına hüquqi-siyasi zəmin yaratmış, Cənubi Qafqazda nisbətən sabitliyin formalaşmasına təsir göstərmişdir.
Bu gün Bişkek protokolu ilə bağlı tarix bir daha xatırlanarkən, həmin dövrün mürəkkəb siyasi şəraiti və xalqımızın yaşadığı ağır sınaqlar yada düşür.
Eyni zamanda, bu sənəd regionda sülh və təhlükəsizlik məsələlərinin beynəlxalq müstəvidə müzakirəsində mühüm mərhələ kimi qiymətləndirilir və müasir tariximizin önəmli hadisələrindən biri hesab olunur.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bişkek protokolu çərçivəsində əldə olunan razılaşmalar tam şəkildə həmin sənədin şərtlərinə uyğun həyata keçirilmədi. Həmin dövrdə vəziyyət fərqli idi.
Belə ki, Bişkek protokoluna əsasən Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu, lakin bu baş vermədi. Əslində, bu anlaşma birbaşa Azərbaycan və Ermənistan arasında bağlanmış yekun siyasi saziş deyildi. Daha çox atəşkəsə aparan vasitə və ilkin mexanizm kimi qiymətləndirilə bilərdi.
Nəticə etibarilə, atəşkəsin əldə olunması Azərbaycan və Ermənistan rəhbərləri arasında aparılan siyasi təşəbbüslərin nəticəsi kimi formalaşdı. Bişkek protokolunun imzalanmasından sonra tərəflər arasında atəşkəs qüvvəyə mindi.
Lakin prosesin əsasını o dövrdə Azərbaycan Prezidenti Heydər Əliyev ilə Ermənistan Prezidenti Levon Ter-Petrosyan arasında əldə olunmuş razılaşmanın müddəaları təşkil edirdi".
Elmir Heydərli
12:00 20.05.2026
Oxunuş sayı: 66