Almaniyada hökümət böhranı: Kansler istefaya gedir?
Almaniyada keçiriləcək parlament seçkiləri, ölkənin siyasi səhnəsində böyük dəyişikliklərə səbəb ola bilər. İndiki federal kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası ilə Xristian Demokrat İttifaqı arasında gedən bu mübarizə, Almaniyanın gələcək siyasi və iqtisadi istiqamətini müəyyən edəcək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev Almaniyada keçirilən parlament seçkiləri, əsas iki siyasi qüvvə arasında gedəcəyini bildirib:
“Bunlar indiki federal kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası və Xristian Demokrat İttifaqıdır. Müxalifətin qələbə şansı olduqca yüksək qiymətləndirilir. Hazırkı hakim koalisiya bu illər ərzində həyata keçirdiyi sosial məsələlərlə bağlı islahatlar nəticəsində dövləti çətin vəziyyətə salıb. Nəticədə Almaniyada koalisiya hökuməti daxilində siyasi böhranın yaranmasına səbəb olub”.
Politoloq keçirilən rəy sorğularının da Almaniyada Xristian Demokrat İttifaqının mövqeyinin gücləndiyini göstərdiyini qeyd edib.
“Beləliklə, Xristian Demokratlar Angela Merkeldən sonra ilk dəfə hakimiyyətə gələ bilərlər. Hazırda bütün ölkənin əyalətlərində parlamentlər məhz Xristian Demokratların nəzarətindədir və onların parlament seçkilərində qalib gəlməsi təəccüblü olmaz.
Almaniyada xüsusilə sosial məsələlərlə bağlı ciddi problemlər mövcuddur və bu vəziyyət dəyişikliklərə gətirib çıxara bilər”.
Zeynal Əmrəliyev əlavə edib ki, Xristian Demokratların əsas prinsiplərindən biri bir sıra şirkətlərin özəlləşdirilməsidir ki, bu da böyük iş adamlarının mənafelərinə uyğun gəlir:
“Xüsusilə Almaniya əhalisi hesab edir ki, Donald Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra Almaniyaya sərt və güclü idarəçilik lazımdır. Çünki Trampın Avropa Birliyinə olan təzyiqləri fonunda Almaniyada düşünürlər ki, Trampın qarşısında dayanan əsas qüvvə Almaniya olmalıdır. Olaf Şolts bu müddət ərzində çox zəif liderlik nümayiş etdirdi. O, dünya siyasətində öz sözünü deməyi bacarmadı və Angela Merkellə müqayisədə beynəlxalq siyasətdə daha zəif rol oynadı.
Bütün bunlar seçkilərə ümumi təsir göstərir. Almanların hazırda əsas diqqəti sosial-iqtisadi məsələlərin həllinə, milliləşdirmə və özəlləşdirmə siyasətinə, həmçinin Avropada liderlik boşluğunu doldurmağa yönəlib. Böyük ehtimalla, fevral ayında keçiriləcək seçkilərdə Xristian Demokratlar qalib gələrək hökuməti formalaşdıracaqlar”.
Samirə Şərif
09:50 16.12.2024
Oxunuş sayı: 8054