Adil Kərimli: İrsin bərpası bizim sınmış yaddaşımızın bərpasıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, quruculuq işləri həyata keçirilir və təbii ki, mədəniyyət bunun içərisində ən vacib sahələrdən biridir. Həmin ərazilərdə irsin bərpası sadəcə olaraq bir daşın, bir tikilinin yenidən bərpa edilməsi deyil, bu, bizim sınmış yaddaşımızın bərpasıdır.
Crossmedia.az xəbər verir ki, fikirləri "Azərtac"a müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.
Nazir, həmçinin qeyd edib ki, bu məsələlər - bərpa və konservasiya işləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişləri və nəzarəti ilə həyata keçirilir.
Adil Kərimli söyləyib ki, xüsusilə vurğulamaq istədiyi məqamlardan biri də Qarabağda, Şərqi Zəngəzurda keçirilən mədəni layihələrdir. Şuşada keçirilən “Xarıbülbül” festivalı məhz işğaldan sonrakı dövrdə ilk bərpa edilən mədəni tədbirlərdən, festivallardan biridir. Qarabağda Vaqif Poeziya Günləri hər il mütəmadi olaraq keçirilir.
"Bu gün Ağdamda muğam yenidən səslənir. Ağdam şəhərində cənab Prezidentin iştirakı ilə Ağdam Muğam Mərkəzinin açılışı oldu. Ağdamda beynəlxalq muğam festivalları, müsabiqələri təşkil olunur. “Böyük Qayıdış” proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə köçmüş və orada yaşayan uşaqlarımız üçün incəsənət sahəsində musiqi məktəbləri, təsviri sənət üzrə rəssamlıq məktəbləri, ümumi incəsənət məktəblərində təhsil prosesi bərpa edilib. Bu gün Şuşada, Füzulidə, Ağdamda, Cəbrayılda incəsənət məktəbləri fəaliyyət göstərir və bizim oradakı uşaqlarımıza təhsil verilir.
Qarabağda və Şərqi Zəngəzurda bu gün muzey fəaliyyəti bərpa olunmaqdadır. Şuşada Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi bərpa olunub, fəaliyyət göstərir. Bizim dini abidələrimiz artıq bərpa olunaraq insanların istifadəsinə verilir. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Dövlət Rəsm Qalereyasının Şuşa filialı fəaliyyət göstərir", - deyə, o, qeyd edib.
15:40 15.05.2026
Oxunuş sayı: 52