Bazeldə Azərbaycanın milli rəqsləri nümayiş olunub
Azərbaycanın “Ritm” rəqs qrupu İsveçrənin Bazel şəhərində keçirilən “Bazel Rəqs Festivalı - 2026”da iştirak edib. Qrup Azərbaycan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin sədri Azru Əliyeva Bodmerin təşəbbüsü ilə festivala zəngin musiqi ovqatı bəxş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Ritm” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Qrupun rəngarəng ifaları, milli geyimləri və musiqi müşayiəti beynəlxalq auditoriyanın zövqünü oxşayıb. Gənc soydaşlarımızın çıxışları Azərbaycan mədəniyyətinin təbliğinə, müxtəlif xalqlar arasında mədəni dialoqun inkişafına və sülhsevər ünsiyyətin güclənməsinə töhfə verib.
Beş günlük festival müddətində şəhərin müxtəlif açıq hava məkanlarında konsertlər təşkil olunub, fərqli xalqlara məxsus milli rəqslər nümayiş etdirilib. Festivalın ən diqqətçəkən anlarından biri beynəlxalq rəqs paradı olub. Bu parad zamanı şəhərin mərkəzi küçələri müxtəlif ölkələrin mədəniyyətləri və rəqs ənənələri ilə canlanıb. İştirakçılar bu anları böyük maraq və heyranlıqla izləyiblər.
15:15 15.05.2026
Oxunuş sayı: 45