13-cü "Ənənəvi paxlava festivalı"
Bakıda keçirilən 13-cü "Ənənəvi paxlava festivalı", həm mədəniyyət, həm də tarixin bir araya gəldiyi unikal bir tədbir oldu. Festivalın açılışı Azərbaycan himninin səsləndirilməsi ilə başladı, ardınca Türk himni səsləndirildi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Bu duyğusal başlanğıc qonaqlar üçün həm milli, həm də qardaşlıq hisslərinin güclü bir ifadəsi idi.
Festivalda Azərbaycanın və Türkiyənin zəngin şirniyyat mədəniyyəti müxtəlif çıxışlar və tədbirlərlə vurğulandı. "Baktad" (Paxlava və Şirniyyat İstehsalçıları Birliyi) idarə heyətinin sədri Mehmet Yıldırım çıxışında Türkiyədən 60-a yaxın paxlava növünün festivalda nümayiş olunduğunu bildirdi və Azərbaycan paxlava mədəniyyətinin də zənginliyini vurğuladı. Yıldırım, həmçinin Bakı, Gəncə, Naxçıvan və Quba paxlavası kimi müxtəlif növlərin mövcudluğunu qeyd edərək, Azərbaycan və Türkiyə arasında mədəniyyət mübadiləsinin əhəmiyyətini vurğuladı. Və növbəti festivalın Türkiyədə keçiriləcəyini də bildirdi.
"Baktad"ın fəxri prezidenti Nadir Güllü də çıxışı ilə tədbirin əhəmiyyətini bir daha ön plana çıxardı.
Tədbirin ən rəngarəng hissələrindən biri rəqs və musiqi proqramları oldu. "Azərbaycanın İnciləri", "Odlar Yurdu" və "Abşeron" rəqs qrupları öz çıxışları ilə tamaşaçıları valeh etdilər. Yallı rəqsi həm qonaqları, həm də nümayəndələri bir araya gətirərək, festivalın enerjisini zirvəyə qaldırdı.
Daha sonra xanəndə Mirələm Mirələmovun "Çırpınırdı Qara dəniz" ifası xüsusi alqış qazandı. Aybəniz Haşımova və Sənət Akademiyasının vokalistləri də həm musiqi, həm də rəqsləri ilə festival iştirakçılarına xoş anlar yaşatdılar.
Festivalın ən maraqlı məqamlarından biri canlı paxlava bişirmə müsabiqəsi oldu. Təcrübəli aşpazlar öz bacarıqlarını nümayiş etdirərək, paxlavanın hazırlanma prosesini izləyicilərə canlı olaraq təqdim etdilər. Qadın və kişi aşpazlar üçün keçirilən bu müsabiqə sonunda hər kəs sertifikatla təltif olundu.
Təltifnamə sonrası müğənni Rasim Əlizadə öz ifası ilə qonaqları ovsunladı. Onun musiqisinə iştirakçılar da qoşularaq tədbirə daha da səmimi və canlı ab-hava qatdılar. Ardınca Fariz Savaş səhnəyə çıxaraq öz ifası ilə tədbirə xüsusi rəng qatdı.
Tədbirin sonunda iştirakçılara festivalın simvolu olan paxlava hədiyyə edildi. Bundan əlavə, festivalın Azərbaycan təmsilçisi Rəmzioğlu (http://Www.Ramzioglu.az) paxlavanın təsisçisi Cavid Ağayevə xüsusi hədiyyə təqdim olundu. Şirkətin premium paxlavalara xüsusi promokodlarla ("XSGLDN20" - 20 faiz endirim) endirimlər tətbiq etdiyi bildirildi. O, salamlama nitqində qeyd etmişdi: "Bundan sonra paxlava yeyərkən sadəcə şirniyyat olduğunu düşünməyin, o bir tarixdir."
Xatirə şəkilləri ilə yekunlaşan festival, şirniyyatın sadəcə bir mətbəx nümunəsi deyil, həm də mədəniyyət və tarix daşıyıcısı olduğunu bir daha sübut etdi. İştirakçılar tədbirdən məmnun ayrıldılar və özləri ilə həm paxlava, həm də gözəl xatirələr apardılar.
Sevinc Abuşova
14:40 15.12.2024
Oxunuş sayı: 6614