KİV: Rusiyanın hücum tempi zəifləyib
Rusiya Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarət etsə də, son aylarda Kremlin hücum tempi uzun müddətdən sonra ilk dəfə olaraq zəifləyib və Ukrayna qüvvələri tədricən ərazini geri alıb .
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna hərbçiləri, analitiklər və rəsmilərlə söhbət edən CNN-in reportajında deyilir.
Zaporojye yaxınlığında döyüşən Ukraynanın pilotsuz sistem bölməsi Lazar Qrupunun zabiti Kirill Bondarenko nəşrə cəbhədə əhval-ruhiyyənin nəzərəçarpacaq dərəcədə dəyişdiyini bildirib.
"Cəbhə xəttindəki Rusiya qoşunlarının dəyişən əhval-ruhiyyəsini görə və hiss edə bilərik. Onlar yorğundurlar. Biz vəziyyəti dəyişməyi bacarmışıq", - deyə o bildirib.
Amerika Müharibə Tədqiqatları İnstitutunun məlumatına görə, aprel ayında Ukrayna Rusiyanın ələ keçirə biləcəyindən daha çox ərazini azad edib.
Nəşr qeyd edib ki, bu, 2024-cü ilin avqustunda Rusiyanın Kursk bölgəsində Ukrayna əməliyyatından bəri ilk dəfə baş verib.
Jurnalistlər qeyd edirlər ki, bunlar yalnız kiçik ərazi dəyişiklikləri olsa da, bu tendensiyanın özü illərdir həm rusları, həm də beynəlxalq auditoriyanı Rusiyanın qələbəsinin qaçılmazlığına inandıran Rusiya prezidenti Vladimir Putin üçün problem yaradır.
Analitik Kristina Harvard CNN-ə izah edib ki, Rusiyanın danışıqlar strategiyası əsasən Qərbi Ukraynanı dəstəkləməyin faydasız olduğuna inandırmağa çalışır.
21:23 14.05.2026
Oxunuş sayı: 48