Zəngilan iqtisadi və nəqliyyat mərkəzi kimi inkişaf edir - Deputat
İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Açılışı edilən infrastruktur layihələri, yaşayış kompleksləri və nəqliyyat xətləri yalnız Böyük Qayıdış proqramının uğurla icra olunduğunu deyil, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın gələcək iqtisadi və logistik güc mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir.
Dövlət başçısının da vurğuladığı kimi, bu bölgələrdə həyata keçirilən layihələrin əsas məqsədi insanların doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışını təmin etmək, eyni zamanda regionu müasir standartlara uyğun şəkildə yenidən qurmaqdır.
Xüsusilə, Zəngilanın nəqliyyat, enerji və logistika baxımından strateji mərkəz kimi formalaşdırılması Azərbaycanın regiondakı geoiqtisadi mövqeyini daha da gücləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Milli Məclisin ddputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlama verib:

“Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri çərçivəsində bir sıra mühüm infrastruktur obyektlərinin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi, sakinlərlə görüşərək Böyük Qayıdış proqramının uğurla davam etdiyini vurğuladı.
Dövlət başçımızın səfəri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin artıq yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev sakinlərlə görüş zamanı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin əsas məqsədi insanların doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıdışını təmin etməkdir.
Dövlət başçımızın da qeyd etdiyi kimi, “biz bu torpaqlara həyatı qaytarırıq. Bütün şəhərlər, kəndlər yenidən qurulur, ən yüksək standartlar tətbiq olunur”. Bu, regionda aparılan quruculuq işlərinin miqyasını və strateji əhəmiyyətini aydın şəkildə göstərir”.
Deputat qeyd edib ki, səfər çərçivəsində istifadəyə verilən yaşayış kompleksləri, məktəblər, enerji və yol infrastrukturu layihələri bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır:
“Cəbrayılda yeni yaşayış məhəllələrinin yaradılması, məktəb və sosial obyektlərin tikilməsi sakinlərin dayanıqlı məskunlaşmasına xidmət edir.
Zəngilanda istifadəyə verilən enerji infrastrukturu isə “yaşıl enerji zonası” konsepsiyasının praktik nəticəsidir.
Yeni yol və kommunikasiya layihələri də xüsusi əhəmiyyət daşıyır. Horadiz-Zəngilan-Ağbənd nəqliyyat xətti və digər magistral yollar Qarabağın daxili əlaqələrini gücləndirməklə yanaşı, regionun beynəlxalq logistik mərkəzə çevrilməsinə zəmin yaradır.
Bu layihələr Zəngəzur dəhlizinin perspektivləri baxımından da strateji əhəmiyyət kəsb edir.
Mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim etdi. Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf edən tədbirdə cənab Prezidentin əsas mesajlarından biri ondan ibarət idi ki, 2020-ci ildə əldə edilmiş qələbə 1993-cü ildən başlayan dövlətçilik strategiyasının məntiqi yekunudur.
Dövlət başçımız xüsusilə vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan xilas edib, dövlət institutlarını bərpa edib və gələcək zəfərin əsasını qoyub.
“44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi, onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir” deyən cənab Prezident Azərbaycanın yalnız Ermənistanla deyil, böyük geosiyasi mərkəzlərlə
mübarizə apardığını bir daha bəyan etdi.
Beləliklə, bir daha aydın olur ki, Azərbaycan müharibəni hərbi güclə yanaşı, siyasi iradə və strateji hesablamalarla qazanıb. Rəsmi Bakı həm döyüş meydanında qalib gəlib, həm də diplomatik şərtləri diktə edən tərəfə çevrilib.
Çıxışın diqqət çəkən məqamlarından biri də sülhü pozmağa can atan dairələrə yönələn sərt mesajlar idi. Cənab Prezident bəzi xarici liderləri “saxta qəhrəman” adlandıraraq onların Ermənistanı guya müdafiə etdiyini bildirdi. Avropa müşahidə missiyasına gəlincə, Prezidentin də söylədiyi kimi, “özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.
Dövlət başçımızın çıxışında ən geniş yer ayrılan məsələlərdən biri də Zəngılanın gələcək inkişaf perspektivləri oldu. Cənab Prezident rayonu regional nəqliyyat və iqtisadi mərkəz kimi təqdim etdi.
Belə ki, yaxın illərdə Bakı-Zəngilan dəmir yolu istifadəyə veriləcək, daha sonra isə bu xətt Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana uzanacaq.
Yəni, bərpa edilən Qarabağ və Şərqi Zəngəzur eyni zamanda, Azərbaycanın yeni iqtisadi və geosiyasi güc platformasına çevrilməkdədir”.
Ayhan
14:10 13.05.2026
Oxunuş sayı: 84