İran Naxçıvana dron hücumunu unutdurmaq istəyir?
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, İran tərəfi Naxçıvan istiqamətində baş vermiş raket-dron hadisəsinin araşdırılacağını Azərbaycan tərəfinə vəd edib.
Nazirin sözlərinə görə, hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal reaksiya verilib və İran ilə çoxsaylı təmaslar həyata keçirilib.
"İran İslam Respublikasının Prezidenti tərəfindən cənab Prezidentə zəng olmuşdu. Mənim də İran xarici işlər naziri ilə bir neçə telefon danışığım olub. İran tərəfi raket və dronların İran tərəfindən atılmadığını iddia edir. Onların yanaşması ondan ibarətdir ki, burada hansısa üçüncü ölkələrin təxribatı həyata keçirilib. Məsələ ilə bağlı hərbçilər xətti ilə də bir neçə təmas baş tutub".
Məlum olduğu kimi, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.
Beynəlxalq münasibətlərdə verilən vədlər real addımlarla möhkəmlənməyincə, onlar sadəcə zaman qazanmaq üçün ortaya atılmış siyasi manevrlərdən başqa bir şey deyil. Bu gün regionda yaranmış mənzərə göstərir ki, diplomatik nəzakət qaydaları artıq öz yerini konkret nəticə tələbinə buraxıb. Xüsusilə də İran və İsrail ABŞ arasında olan müharibə dövründə İranın Naxçıvana dərin hücumu həyata keçirməsi və məsələ ilə bağlı rəsmi açıqlamaların həddindən artıq şəkildə gecikməsi sözün həqiqi mənasında "toydan sonra nağara" effekti yaratdı.

Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib: "İran söz verib, amma onu nə zaman araşdıracağı hələ ki məlum deyil. Yəni bu, uzun müddət davam edə bilər. Necə ki bizdə kimsə hüquqi bir səhv edəndə üstündən uzun müddət keçir, bir neçə il sonra lazım olan addımlar atılır; indi də ola bilsin ki, addım atacaqlar. Amma bunu indi, yoxsa sonra edəcəklər - bu, bir az qaranlıq qalır.
Çünki bu gün İranın daxilində vəziyyət gərgindir. Müharibədən sonrakı mərhələdə daxili münasibətlər heç də ürəkaçan deyil, işsizlərin sayı artır. Ölkənin humanitar və sosial böhranın astanasında olduğu deyilir. Belə olan halda, İranın hazırda bu məsələni araşdıracaq vəziyyətdə olduğunu düşünmürəm. Amma hər bir halda bilinməlidir ki, bu, dövlətin tələbidir və məsələ araşdırılmadan, mövzu tam aydınlaşmadan Azərbaycan ondan əl çəkməyəcək; bunu onlar da bilir. Ona görə də böyük ehtimalla araşdırma aparmaq istəyəcək, lakin cavabı yaxın vaxtda deyəcək, yoxsa vaxtı uzadacaq, bunu indidən demək tez olar".
Turqut Ansari
21:01 12.05.2026
Oxunuş sayı: 2248