Paşinyan niyə sülhdə israrlıdır? – Politoloqdan diqqətçəkən şərh
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında son iki ildə sabit sülh mühitinin formalaşdığını bəyan edib.
O, 9 may münasibətilə etdiyi paylaşımda bildirib ki, artıq iki ildir tərəflər arasında toqquşmaların, itkilərin və yaralıların olmaması region üçün mühüm və tarixi nailiyyətdir.
Paşinyanın sözlərinə görə, hazırkı əsas vəzifə əldə olunmuş sülhü qorumaq, onu daha da möhkəmləndirmək və davamlı təhlükəsizlik mühitinə çevirməkdir.
Ermənistan Baş naziri vurğulayıb ki, regionda bərqərar olunan sülh həm Ermənistanın inkişafı, həm də Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün yeni tarixi imkanlar yaradır.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Nikol Paşinyanın bu seçkilərdə əsas şüarı birdir: sülh. Əks təqdirdə isə bu, müharibə deməkdir. İctimai şüura da məhz bu fikir təlqin olunur ki, seçki zamanı verilən səs konkret bir reallığın seçimidir: vətəndaş sülh şəraitində yaşamaq istəyir, yoxsa müharibə şəraitində?
Çünki Nikol Paşinyan sülh vəd edir, alternativ qüvvələrin ritorikası və iddiaları isə müharibə riskini artıran amil kimi təqdim olunur.
Üstəlik, bu, Nikol Paşinyanın 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində erməni xalqına verdiyi əsas vədlərdən biri idi. Hazırda yürüdülən siyasət də göstərir ki, Paşinyan seçkiqabağı verdiyi vədi yerinə yetirməyə çalışır.
O, demək olar ki, bütün çıxışlarında açıq şəkildə bildirir ki, artıq sərhəddə əvvəlki kimi intensiv atışmalar baş vermir, insanlar həlak olmur və sərhədyanı kəndlərdə həyat nisbətən sabitləşib.
Paşinyan hakimiyyəti bunu məhz sülh siyasətinin nəticəsi kimi təqdim edir və təbii ki, erməni cəmiyyəti də bu reallığı görür və qiymətləndirir.
Doğrudur, alternativ qüvvələrin təklifləri də müəyyən mənada cəlbedici görünür. Çünki onların arxasında böyük maliyyə imkanlarının dayandığı iddia olunur və bu maliyyə resursları vasitəsilə ictimai dəstəyi artırmağa, nəticə etibarilə isə Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar.
Lakin Paşinyanın Azərbaycanla sülh prosesini davam etdirməkdə israrlı olması və bunu hər platformada bəyan etməsi, düşünürəm ki, onun əleyhinə işləyən əsas faktor deyil.
Çünki təqdimat formasından asılı olmayaraq, nəticə etibarilə insanlara vəd edilən sülhdür. Sülh isə o deməkdir ki, erməni analarının övladları Azərbaycanla sərhəddə həyatını itirməyəcək.
Əslində burada söhbət həyatla ölüm arasında seçimdən gedir. Bu baxımdan, Paşinyanın mövqeyi cəmiyyət üçün müəyyən üstünlük yaradır. Çünki hər bir insan yaşamaq və daha yaxşı həyat şəraitində yaşamaq istəyir.
Müharibə şəraitində isə rifah və təhlükəsizlikdən danışmaq çətindir. Ona görə də erməni cəmiyyətində sülh şəraitində yaşamağa üstünlük verilməsi təbii görünür.
Məhz buna görə Nikol Paşinyan sülh məsələsində israrlıdır və seçki kampaniyasını da əsasən bu ideya üzərində qurub.
Müxalifət isə təbii olaraq Paşinyana qarşı müxtəlif vasitələrdən istifadə etməyə çalışacaq. Bu prosesdə Rusiyanın dəstəyinin olduğu da iddia edilir.
Etiraz aksiyalarından tutmuş müxtəlif təxribatlara, dezinformasiyaya, kiberhücumlara və iqtisadi təzyiqlərə qədər fərqli ssenarilər mümkündür. Hətta müəyyən siyasi fiqurlara qarşı təxribat və ya sui-qəsd ehtimalları belə istisna edilmir.
İddialara görə, Rusiyada yaşayan ermənilərə seçkilərdə iştirak etmək üçün Ermənistana gedərək Rusiya yönlü qüvvələrə səs vermələri ilə bağlı çağırışlar edilir.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşən erməni batalyonları da mövcuddur. Bu isə o deməkdir ki, döyüş təcrübəsinə malik, müxtəlif təxribatlarda istifadə oluna biləcək şəxslərin proseslərə cəlb olunması ehtimalı da müzakirə olunur.
Ancaq bu, Paşinyan hakimiyyətinin və onu dəstəkləyən Qərb dairələrinin passiv şəkildə hadisələri izlədiyi anlamına gəlmir. Əksinə, təhlükəsizlik tədbirlərinin görüldüyü müşahidə olunur. Avropa İttifaqının Ermənistana əlavə missiya göndərməsi də bu kontekstdə diqqət çəkir. Çünki həmin missiyanın Moldova seçkilərində fəaliyyəti Qərb tərəfindən müsbət qiymətləndirilmişdi.
Qərb anlayır ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın son əsas dayaqlarından biridir və Moskva bu mövqeyi itirməmək üçün ciddi mübarizə aparacaq.
Ermənistan eyni zamanda Rusiyanın regionda hərbi mövcudluğunu qoruduğu yeganə əsas coğrafiyalardan biri hesab olunur.
Bu səbəbdən qarşıdakı siyasi mübarizənin kifayət qədər sərt keçəcəyini həm Ermənistan rəhbərliyi, həm də onu dəstəkləyən Avropa İttifaqı və ABŞ anlayır. Bununla belə, indidən qəti proqnoz vermək doğru olmazdı. Prosesləri diqqətlə izləmək lazımdır.
Bir məqam isə aydındır: seçkilərin tam sakit və rahat keçəcəyi gözlənilmir. Bununla yanaşı, Nikol Paşinyanın ictimai rəydə müəyyən üstünlüyə malik olduğunu da inkar etmək çətindir. Çünki sülh amili onun əsas siyasi üstünlüyüdür.
Digər mühüm məsələ isə maliyyə faktorudur. Sosial-iqtisadi çətinliklər yaşayan ailələr üçün maliyyə vədləri müəyyən qədər cəlbedici görünə bilər.
Lakin bütün hallarda müharibənin ölüm və itki gətirdiyi reallığı cəmiyyətin seçimində ciddi rol oynayır. Xüsusilə də anaların övladlarının həyatını heç bir maddi marağa dəyişməyəcəyi düşüncəsi burada ön plana çıxır. Necə olacağını isə artıq seçki günü göstərəcək".
Elmir Heydərli
17:00 09.05.2026
Oxunuş sayı: 58