II Təhsil Menecerləri Forumu baş tutub
Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə II Təhsil Menecerləri Forumu (TMF) keçirilib. Tədbirdə təhsil sahəsinin idarəetməsi, rəqəmsal transformasiya və ekoloji məsuliyyət kimi aktual mövzular müzakirə olunub.
Forumda 400-dən çox iştirakçı – təhsil rəhbərləri, mütəxəssislər və ictimaiyyət nümayəndələri bir araya gəlib. Açılış nitqləri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Hədəf Şirkətlər Qrupunun baş direktoru, forumun layihə rəhbəri Şəmil Sadiq çıxış ediblər. Onlar təhsil sahəsində qarşıda duran çağırışları vurğulayaraq, əməkdaşlığın önəmindən danışdılar.
Tədbirin spikerləri arasında Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor İrfan Erdoğan, “Educo Group”un direktoru Ercüment Özayan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev kimi tanınmış adlar yer alıb.
Forum çərçivəsində üç əsas panel təşkil olunub:
Təcrübədə innovativ idarəetmə; Təhsil idarəetməsində texnoloji və ekoloji məsuliyyətlər;
Məktəb idarəetməsində keyfiyyət təminatı.
Panellərdə təhsil sahəsindəki problemlər və onların həlli yolları müzakirə edildi, tövsiyələr səsləndirilib. İrfan Erdoğanın “Təhsildə islahatlar”, Ercüment Özayanın “Rəqəmsal əsrdə innovativ öyrənmə metodları” və Ulaş Nezir ilə Mert Doğanın “Süni intellektin təhsildə rolu” mövzularında çıxışları xüsusi maraqla qarşılanıb.
Forum həm də təhsil menecmenti sahəsində təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əhəmiyyətli rol oynayıb. Tədbir gələcəkdə həyata keçiriləcək layihələr üçün möhkəm zəmin yaradıb.
Maral Şahverdili
Nihat Tahirov
10:30 14.12.2024
Oxunuş sayı: 7687