Talassemiya ilə mübarizədə nələri bilməliyik?
Hər il mayın 8-i dünyada Dünya Talassemiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün ilk dəfə talassemiya xəstələrinin problemlərinə diqqət çəkmək, cəmiyyəti maarifləndirmək və xəstəliklə mübarizəyə dəstək məqsədilə təsis edilib. Tarixin məhz 8 maya təsadüf etməsi Beynəlxalq Talassemiya Federasiyasının yaradıcısı Panos Enqlezosun talassemiya səbəbindən həyatını itirən oğlunun xatirəsi ilə bağlıdır. Sonradan bu gün beynəlxalq səviyyədə qeyd olunmağa başlanıb.
Talassemiya irsi qan xəstəliyi hesab olunur və əsasən valideynlərdən uşaqlara keçir. Qeyd edək ki, nikahdan əvvəl tibbi müayinələr və vaxtında aparılan analizlər xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. Bu gün dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda talassemiya xəstələrinə dəstək məqsədilə müxtəlif maarifləndirici tədbirlər keçirilir, qan donorluğunun əhəmiyyəti vurğulanır.
Mütəxəssis-Hematoloq Dr.Saleh Rzayev talassemiya xəstəliyi barədə Crossmedia.az-a məlumat verib: "Talassemiya irsi qan xəstəlikləri arasında dünyada ən geniş yayılmış hemoglobinopatiyalardan biridir. Xəstəlik hemoglobinin quruluşunu təmin edən genlərdə mutasiya nəticəsində yaranır və xüsusilə Aralıq dənizi hövzəsi, Yaxın Şərq və Azərbaycan kimi regionlarda daha sıx rast gəlinir. Müasir tibbin inkişafı sayəsində talassemiya xəstələrinin həyat müddəti və yaşam keyfiyyəti əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Lakin bunun üçün düzgün tibbi nəzarət və gündəlik həyatda müəyyən qaydalara əməl etmək böyük əhəmiyyət daşıyır.

Talassemiya xəstələri ilk növbədə mütəmadi hematoloji nəzarətdə olmalıdırlar. Xəstəliyin formasından asılı olaraq bəzi pasiyentlərə periodik qan köçürülməsi tələb olunur. Qan transfuziyaları həyat qurtarıcı olsa da, zamanla orqanizmdə artıq dəmir yüklənməsinə səbəb ola bilər. Bu isə qaraciyər, ürək və endokrin orqanlarda ciddi fəsadlar yarada bilər. Buna görə də ferritin səviyyəsinin, qaraciyər və ürəkdə dəmir yüklənməsinin mütəmadi qiymətləndirilməsi vacibdir. Lazım olduqda dəmirxaricedici (xelasiya) müalicə vaxtında və düzgün aparılmalıdır.
Gündəlik həyat tərzi də talassemiya xəstələrinin sağlamlığında mühüm rol oynayır. Balanslı qidalanma, kifayət qədər yuxu, infeksiyalardan qorunma və fiziki aktivliyin düzgün tənzimlənməsi vacibdir. Xüsusilə nəzarətsiz şəkildə dəmir preparatlarının qəbulu təhlükəli ola bilər. Çünki bir çox talassemiya xəstəsində onsuz da orqanizmdə artıq dəmir toplanması riski mövcuddur. Hər hansı vitamin və ya preparat yalnız həkim məsləhəti ilə qəbul edilməlidir".
Bundan əlavə, həkim vurğulayıb ki, talassemiyalı şəxslərdə sümük sistemi problemləri, hormonal pozğunluqlar və ürək-damar ağırlaşmaları daha çox rast gəlinə bilər. Bu səbəbdən multidissiplinar yanaşma- yəni hematoloqla yanaşı kardioloq, endokrinoloq və digər mütəxəssislərin birgə nəzarəti xəstələrin uzunmüddətli sağlamlığı üçün vacibdir: "Talassemiya ilə mübarizədə ən önəmli istiqamətlərdən biri isə profilaktikadır. Evlilik öncəsi genetik yoxlamalar burada xüsusi əhəmiyyət daşıyır. Talassemiya autosom-resessiv irsən keçən xəstəlikdir. Əgər hər iki valideyn daşıyıcıdırsa, hər hamiləlikdə uşağın ağır talassemiya ilə doğulma riski təxminən 25% təşkil edir. Bu səbəbdən evlənməzdən əvvəl aparılan skrininq müayinələri gələcək nəsillərin sağlamlığı baxımından son dərəcə vacibdir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda nikah öncəsi talassemiya müayinələrinin tətbiqi xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm nəticələr verib. Genetik konsultasiya ailələrə riskləri anlamağa, düzgün qərar verməyə və gələcəkdə ağır formalı talassemiyanın qarşısını almağa kömək edir. Burada məqsəd insanları qorxutmaq deyil, maarifləndirmək və sağlam cəmiyyət formalaşdırmaqdır. Müasir yanaşmalar göstərir ki, talassemiya artıq yalnız “uşaq yaşlarında ağırlaşan xəstəlik” anlayışı ilə məhdudlaşmır. Düzgün müalicə, vaxtında diaqnostika və genetik maarifləndirmə ilə talassemiyalı şəxslər təhsil ala, çalışa, ailə qura və cəmiyyətin tamhüquqlu üzvü kimi aktiv həyat sürə bilərlər. Əsas məsələ xəstəliyə qarşı məlumatlı və məsuliyyətli yanaşmanın formalaşdırılmasıdır".
Fatimə Məmmədova
18:54 08.05.2026
Oxunuş sayı: 106