Türkiyə ilə birgə PUA istehsalı - “SİVRİSİNEK” nəyi dəyişəcək?
Müasir dövrdə hərbi texnologiyaların inkişafı dövlətlərin müdafiə qabiliyyətinin əsas göstəricilərindən birinə çevrilib.
Xüsusilə, pilotsuz uçuş aparatlarının (PUA) müasir müharibələrdə oynadığı rol bu sahəyə marağı daha da artırıb. Azərbaycanla Türkiyənin birgə “SİVRİSİNEK” adlı PUA istehsalı təşəbbüsü də məhz bu kontekstdə diqqət çəkir.
Bu addım yalnız hərbi əməkdaşlığın yeni mərhələsi kimi deyil, eyni zamanda Azərbaycanın müdafiə sənayesinin inkişaf perspektivləri baxımından da mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib:

“Hər bir ölkə üçün onun müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında silahlı qüvvələr ən vacib amildir. Silahlı qüvvələrin tərkibində silah-sursat təminatı da xüsusi əhəmiyyət daşıyır və hər bir ölkə çalışır ki, bu təminatı mümkün qədər özü həyata keçirsin.
Lakin bu, az sayda ölkəyə nəsib olur. Həm müstəqil ordunun mövcudluğu, həm də həmin ordunun öz ərazisini qoruması və silah-sursatla təmin edilməsi son dərəcə vacib məsələdir.
Dünya tarixindən, xüsusilə son müharibələrin təcrübəsindən görürük ki, bəzən dövlətlər digər ölkələrə satdıqları silahların sursat təminatını müharibə zamanı davam etdirmir və bu da ciddi problemlərə səbəb olur.
Keçmiş dövrlərdə silahlar min illərlə dəyişmirdi, sonradan bu müddət yüz illərə endi, daha sonra on illərlə ölçüldü. XX əsrdə bu dəyişiklik tempi onilliklərə düşdüsə, XXI əsrdə artıq demək olar ki, hər il yenilənir”.
Ekspert qeyd edib ki, bu baxımdan ölkəmizdə Ali Baş Komandan cənab Prezidentin tapşırığı ilə müdafiə sənayesi potensialı xeyli artırılır və bu istiqamətdə vacib, zəruri addımlar atılır:
“Azərbaycan dövləti öz ordusunu silahlarla təmin etmək istiqamətində fəaliyyət göstərir. Təbii ki, bu, birdən-birə mümkün deyil, lakin proses artıq başlayıb. Qardaş Türkiyənin təcrübəsinə nəzər salsaq, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələnə qədər bu göstərici təxminən 20 faiz idisə, hazırda 80 faizin üzərindədir.
Azərbaycan da qarşıya məqsəd qoyub ki, öz ordusunu müasir texnologiyalı silahlarla təmin etsin və eyni zamanda bu məhsulları dünya bazarına çıxarsın. Bu gün Azərbaycan beynəlxalq silah sərgilərində uğurlu nəticələr əldə edir və ölkəmizdə də belə sərgilər keçirilir. Bu istiqamətdə qardaş Türkiyə ilə birgə görülən işlər xüsusilə önəmlidir.
Türkiyə bizim müttəfiq və qardaş dövlətdir. Şuşa Bəyannaməsi-dən irəli gələrək bu sahədə əməkdaşlıq daha da genişlənir və hesab edirəm ki, gələcəkdə bu münasibətlər və əlaqələr daha da dərinləşəcəkdir”.
Ayhan
15:00 06.05.2026
Oxunuş sayı: 64