Manat dəyərdən düşəcək?
Azərbaycanın makroiqtisadi sabitliyi və milli valyutanın möhkəmliyi bu gün mürəkkəb qlobal iqtisadi konyunkturada ən çox müzakirə olunan mövzulardan biridir. Profisitli cari əməliyyat balansı, enerji sektorundan daxilolmaların artması və ölkənin valyuta ehtiyatlarının rekord həddə çatması iqtisadiyyatın dayanıqlılığını təmin edən fundamental faktorlar kimi çıxış edir. Bu şəraitdə Mərkəzi Bankın monetar siyasəti və bazardakı təklif bolluğu təkcə devalvasiya risklərini sıfırlamır, həm də biznes mühitində milli valyutaya olan inamı-dedollarizasiya meyillərini daha da sürətləndirir.

Məsələ ilə bağlı İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı -ekspert Günay Hüseynova Crossmedia.az-a açıqlama verib: "Cənab Prezidentin "valyuta ehtiyatlarımız kifayət qədərdir" açıqlaması artıq devalvasiya riskinin cari ildə olmayacağı fikrini formalaşdırmağa əsas verir. Valyuta bazarında tələbin təklifi üstələməsi nağd və qeyri nağd seqmentdə müşahidə edilməsi əsasən neftdən gələn gəlirlər hesabınadır. Enerji sektorunda hasilatın artırılması, yeni ticari tərəfdaşlar proqnoz olunandan daha çox ölkəyə valyuta qazandırıb. Təklifin tələbi üstələməsi mühitində əksərən idxal ucuzlaşmalı idi. Lakin bu mümkün olmadıqda alternativ yolla pul siyasətinə müdaxilə edilir. Dedollarizasiya məsələsinə gəldikdə isə deməliyəm ki, valyuta ehtiyatlarının yetəri qədər olması milli valyutaya inamı artır. Xüsusi ilə bu biznes mühitində önəm dasıyır. Mərkəzi Bankın davamlı müdaxilə etməsi təbii ki, mümkün deyil. Əks təqdirdə inflyasiya riski və milli valyutanın dəyərdən düşməsi kimi hallar yaşana bilər".
Turqut Ansari
19:00 05.05.2026
Oxunuş sayı: 49