Maaşlar yeni qaydada veriləcək: Milli Məclis təsdiqlədi
Maaşlarda gender uçurumu qapanır! Milli Məclisin son qərarı ilə artıq eyni vəzifədə işləyən qadın və kişinin maaş fərqi qanunsuz hesab olunacaq. Bu, ailə büdcəsinə minlərlə manat əlavə gəlir, iqtisadiyyata isə milyonlarla manat dövriyyə deməkdir. Lakin bir sual hələ də açıq qalır: Şirkətlər bu qanundan yayınmağın yolunu tapacaqlar, yoxsa Azərbaycan əmək bazarında şəffaflıq dövrü başlayır? Qanunun kağız üzərində qalmaması üçün nələr lazımdır?

Məsələ əkmə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib: "Qanun kağızda sadə bir prinsipi təsbit edir: eyni işə, eyni ixtisasa, eyni nəticəyə görə qadınla kişi arasında maaş fərqi ola bilməz. İndi baxaq, bu nəyi həll edir, nəyi yox? Hansı problemləri hədəfləyir? Birincisi, gizli maaş fərqini. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, Azərbaycanda qadınların orta aylıq maaşı kişilərin maaşının 65-70 faizi qədərdir. Fərq təkcə "qadınlar müəllim, kişi mühəndisdir" deyə yaranmır. Eyni bankda, eyni vəzifədə, eyni stajla işləyən kişi 1800, qadın 1400 alır. Səb: "kişi ailə saxlayır", "qadın onsuz da dekretə gedəcək" stereotipi. Qanun bunu birbaşa qadağan edir. İkincisi, vəzifədə yüksəlişdə ayrı-seçkiliyi. Maaş fərqi çox vaxt vəzifə adından gəlir. Kişi "baş mütəxəssis", qadın "aparıcı mütəxəssis" olur, iş eyni. Yeni dəyişiklik işəgötürəndən vəzifə adını yox, real işin məzmununu əsas götürməyi tələb edir. Üçüncüsü, bonus, mükafat, ezamiyyət haqqında fərqi. Çox şirkətdə kişilərə "sahə işi" adı ilə əlavə ödəniş yazılır, qadın ofisdə qalıb o pulu almır. Qanun bütün ödəniş növlərini əhatə edir, təkcə baza maaşı yox.
Ekspert bu addımların atılmasında risklərin olacağını da qeyd edib: "Burada üç risk var. Birincisi, sübut yükü. İşçi məhkəmədə maaş fərqini sübut etməlidir. Amma əmək müqavilələri kommersiya sirridir. Sən həmkarının nə qədər aldığını rəsmən öyrənə bilmirsən. Avropada bunun üçün “maaş şəffaflığı” direktivi var: 50+ işçisi olan şirkət orta kişi-qadın maaşını açıqlamalıdır. Bizdə bu mexanizm hələ yoxdur. Sübut toplamaq çətin olacaq İkincisi, nəzarət. Əmək Müfəttişliyi yoxlamanı şikayət əsasında aparır. Qadın işini itirməkdən qorxub şikayət etməsə, qanun kağızda qalır. Cərimə də işəgötürəni qorxudacaq səviyyədə deyil. Hazırkı İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxs üçün 1500-2000 manat cərimə nəzərdə tutulur. İri şirkət üçün bu, risk deyil. Üçüncüsü, "vəzifəni dəyişmə" oyunu. İşəgötürən qanundan yayınmaq üçün ştat cədvəlini dəyişəcək. Qadına "kiçik mütəxəssis", kişiyə "böyük mütəxəssis" yazacaq, iş bölgüsünü rəsmiləşdirəcək. Əmək Müfəttişliyi hər iş yerində funksional təhlil apara bilməyəcək, resursu yoxdur".
Onun sözlərinə görə, əgər mexanizm işləsə, üç real fayda var: " Qadınların əməkhaqqı orta hesabla 30 faiz artsa, ailənin illik gəliri 2000-3000 manat çoxalır. Bu, yoxsulluq həddində yaşayan 600 min ailə üçün ciddi dəstəkdir. Beynəlxalq Əmək Təşkilatı hesablayıb: gender maaş fərqi aradan qalxsa, ölkənin ÜDM-i 4-6 faiz böyüyür. Çünki qadının əlinə keçən pul dərhal istehlaka gedir: uşaq təhsili, səhiyyə, ərzaq. Pul bankda qalmır, dövriyyəyə girir. Həmçinin gənc qadın görəndə ki, əməyi kişidən az qiymətləndirilir, ya işdən çıxır, ya ölkədən gedir, ya da uşaq doğmur. Ədalətli maaş karyera qurmağa stimul verir. Bu da həm beyin axınını azaldır, həm doğum planına təsir edir".
A. Nəsirli bütün məsələlərin yalnız maaşla nizamlanmadığını da bildirib: "Amma tək qanunla maaş bərabərləşmir. Paralel olaraq üç faktor lazımdır: maaş şəffaflığı, uşaq baxçası şəbəkəsi və məhkəmə praktikası. Qısa desək, qanun düzgün istiqamətdir və vacib problemə toxunur. Amma indiki formada dişsizdir. Əgər hökumət nəzarət mexanizmi, cərimələr və şəffaflıq öhdəliyi gətirməsə, dəyişiklik plakatda qalacaq. Gətirsə, 5-7 ilə maaş fərqi 30 faizdən 8-10 faizə düşə bilər. Tam bağlanmır, çünki analıq məzuniyyəti, part-time iş faktoru qalır. Amma indiki açıq ayrı-seçkilik hallarını yığışdırmaq mümkündür. Vətəndaş üçün fayda birbaşa cibə dəyəcək, bir şərtlə ki, qanun təkcə qəbul olunmasın, icra edilsin".
Turqut Ansari
19:58 01.05.2026
Oxunuş sayı: 69