Piyada ölümləri niyə artır? – hadisələrin görünməyən səbəbləri
Son illərdə Azərbaycanda şəhər mühitində piyada təhlükəsizliyi ciddi narahatlıq doğuran məsələlərdən biri kimi diqqət çəkir.
Xüsusilə yol-nəqliyyat hadisələri zamanı baş verən piyada ölümləri ictimai müzakirələrin mərkəzində dayanır. Sıx hərəkət olan küçələrdə, keçid zolaqlarının düzgün istifadə olunmaması, sürət həddinin aşılması və sürücülərin diqqətsizliyi bu tip hadisələrin artmasına səbəb olan əsas amillər kimi göstərilir.
Mütəxəssislərin fikrincə, piyada ölümü ilə nəticələnən avtomobil vurma hadisələrinin arxasında yalnız texniki deyil, həm də davranış və intizam problemləri dayanır.
Yol infrastrukturundakı bəzi çatışmazlıqlar, piyadaların qaydalara riayət etməməsi və sürücülərin məsuliyyətsiz yanaşması ümumi risk faktorunu artırır. Bu səbəbdən məsələ təkcə fərdi deyil, həm də ictimai təhlükəsizlik problemi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Rauf Ağamirzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu, yol hərəkəti təhlükəsizliyi problemidir. Dünyada bu problemin həlli istiqamətində uğurlu təcrübələr mövcuddur və biz də həmin təcrübədən faydalanmalıyıq. Bu sahədə beynəlxalq səviyyədə qəbul olunmuş vizyoner yanaşma mövcuddur.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə “sıfır dözümlülük” siyasəti ilk dəfə İsveçdə 1997-ci ildən etibarən tətbiq olunmağa başlanmış və Skandinaviya ölkələri bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişlər. Bu yanaşmanın əsasında sürətin azaldılmasına yönəlmiş sistemli həllərin tətbiqi dayanır. Prinsip sadədir: insan səhv edə bilər, lakin bu səhv digər insanın həyatına son qoymamalıdır.
Şəhər mühitində sürətin azaldılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bunlara sürücünün diqqətini artıran və fiziki olaraq yüksək sürətlə hərəkəti məhdudlaşdıran həllər daxildir. Məsələn, hərəkət zolaqlarının ensizləşdirilməsi, artıq sahələrdə təhlükəsizlik adacıqlarının yaradılması, piyada keçidlərinin sayının artırılması və onların kontrast işıqlandırılması kimi tədbirlər sürücünün piyadanı daha uzaq məsafədən görməsinə imkan yaradır, xüsusilə gecə vaxtı.
Bundan əlavə, parklanma sahələri ilə piyada keçidlərinin fiziki olaraq ayrılması “kör zona” problemini aradan qaldırır. Qabarıq (yüksəldilmiş) piyada keçidləri isə həm sürəti azaldır, həm də həmin ərazilərdə nəqliyyat vasitələrinin park etməsinin qarşısını alır və piyadanın görünürlüğünü artırır.
Həssas qrupların – məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin yerləşdiyi ərazilərdə “Berlin yastıqları” kimi tanınan sürət azaldıcı elementlərin tətbiqi sürücüləri məcburi şəkildə sürəti azaltmağa vadar edir. Eyni zamanda, məhəllə girişlərinin səki səviyyəsinə qaldırılması piyadaların üstünlüyünü təmin edən mühüm tədbirlərdəndir.
Təəssüf ki, şəhərimizdə hələ də sovet dövründən qalma avtomobil yönümlü yanaşma üstünlük təşkil edir. Bu isə piyadaların hərəkətini məhdudlaşdırır və əlavə risklər yaradır. Müasir şəhərsalma prinsiplərinə görə isə piyada şəhər iyerarxiyasının ən yüksək pilləsində dayanmalıdır və şəhər mühiti məhz ona uyğun qurulmalıdır.
Şəhərin giriş nöqtələrində təhlükəsizlik adacıqlarının yaradılması, keçidlərin və işıqforların sayının artırılması, eyni səviyyəli (yerüstü) piyada keçidlərinin təşkili əsas prioritetlərdən olmalıdır. Müxtəlif səviyyəli – yeraltı və yerüstü keçidlər mövcud olsa belə, onların yanında mütləq alternativ olaraq eyni səviyyəli, zebra nişanlı keçidlər təşkil edilməlidir.
Əks halda, piyadalar uzun məsafələr qət etməyə məcbur olur ki, bu da qayda pozuntularına və xaotik hərəkətə səbəb olur. Nəticədə isə yol-nəqliyyat hadisələrinin sayı artır və çox vaxt bu hadisələr ölüm ilə nəticələnir. Halbuki, sürətin azaldılması tədbirləri tətbiq olunduğu ölkələrdə qəzalar baş versə belə, onların nəticəsi əsasən maddi ziyan və ya yüngül xəsarətlə məhdudlaşır.
Bakıda artıq müəyyən ərazilərdə bu cür müsbət nümunələr mövcuddur. Məsələn, Port Baku və Ağ Şəhər layihələri çərçivəsində, eləcə də şəhərin müxtəlif nöqtələrində təhlükəsizlik adacıqları və işıqlandırılmış piyada keçidləri tətbiq olunmuşdur. Lakin bu tədbirlər lokal xarakter daşıyır və sistemli şəkildə bütün şəhəri əhatə etməlidir.
Bu yanaşma ölkə miqyasında tətbiq olunmalıdır. Əsas məqsəd insan həyatının qorunmasıdır. Bu istiqamətdə təxirəsalınmaz addımlar atılmalı, piyada səkiləri abadlaşdırılmalı, maneələr aradan qaldırılmalı və qanun pozuntularına qarşı ciddi nəzarət təmin edilməlidir.
Xüsusilə qeyd edilməlidir ki, nəqliyyat vasitələrinin piyada keçidlərində və səkilərdə park etməsi yolverilməzdir. Bu hallar piyadaları məcbur edir ki, hərəkət zolağına çıxsınlar və nəticədə onların həyatı təhlükə altına düşür.
Məsələyə yalnız sürücü prizmasından yanaşmaq düzgün deyil. Avtomobildə hərəkət edən şəxs üçün yol hamar və maneəsiz görünə bilər. Lakin piyada üçün vəziyyət tam fərqlidir – müxtəlif fiziki maneələr (ticarət obyektləri, köşklər, dirəklər və s.) hərəkəti çətinləşdirir.
Bu baxımdan, səkilərin standartlaşdırılması vacibdir. Səki üç əsas hissədən ibarət olmalıdır:
– bufer zona (ağaclar, işıqlandırma, nişanlar üçün),
– tranzit zona (yalnız piyadaların hərəkəti üçün),
– əlavə zona (ictimai iaşə obyektlərinin terrasları və s. üçün).
Əsas prinsip ondan ibarətdir ki, tranzit zona heç bir halda daraldılmamalıdır. Çünki piyadaların sərbəst hərəkəti şəhərin iqtisadi həyatına da müsbət təsir göstərir – piyada axınının artması obyektlərin dövriyyəsini yüksəldir və yeni iş yerlərinin yaranmasına şərait yaradır.
Nəticə etibarilə, piyada infrastrukturuna diqqət artırılmalı, keçidlər qısaldılmalı və təhlükəsiz hala gətirilməlidir. Bu tədbirlər həm yol-nəqliyyat hadisələrinin sayını azaldacaq, həm də onların ölüm ilə nəticələnmə ehtimalını minimuma endirəcəkdir".
Elmir Heydərli
17:12 30.04.2026
Oxunuş sayı: 82