Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların əldə olunacağı gözlənilir - Deputat
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib ki, Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəyini qeyd etməklə, regionun nəqliyyat və logistika xəritəsində baş verən strateji dəyişikliklərin miqyasını bir daha gündəmə gətirib. Bu yanaşma təkcə yeni infrastruktur layihəsinin təqdimatı deyil, həm də Avrasiya məkanında formalaşan iqtisadi inteqrasiya proseslərinin dərinləşməsinin ifadəsi kimi qiymətləndirilir.
Məlumdur ki, son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər, yük axınlarının şaxələndirilməsi və alternativ dəhlizlərin formalaşması Orta Dəhliz kimi layihələrin əhəmiyyətini daha da artırıb. Bu kontekstdə Zəngəzur dəhlizi həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətində yeni bağlantı imkanları yarada biləcək mühüm tranzit xətti kimi dəyərləndirilir.
Bəs bu nəhəng iqtisadi layihənin real əhəmiyyəti nədən ibarətdir və region ölkələrinin gələcək inkişafına hansı istiqamətlərdə təsir göstərə bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-a açıqlama verib: “Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevrilməsi üçün həm ciddi imkanlara, həm də möhkəm əsaslara malikdir. Çünki bu gün Orta Dəhliz layihəsi çox uğurlu şəkildə idarə olunur. Zamanında Azərbaycanın təşəbbüsü ilə inşa edilmiş Bakı–Tbilisi–Qars dəmir yolunun tam həcmdə və funksional şəkildə fəaliyyət göstərməsi Orta Dəhliz üzərindən daşınan yüklərin həcminin ildən-ilə artmasına səbəb olub. Hətta 2025-ci ilin nəticələrinə əsasən, təxminən 5 milyon tona yaxın yükün məhz Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə daşındığı qeyd olunur. Bu prosesdə beynəlxalq daşıyıcıların fəal iştirakı və Azərbaycanın oynadığı mühüm rol xüsusi olaraq vurğulanmalıdır. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı da ciddi proqnozlar mövcuddur. Həmin dəhliz üzərindən dəmir yolunun inşası, gələcəkdə avtomobil yollarının çəkilməsi və digər kommunikasiya layihələrinin reallaşdırılması bu marşrutun geosiyasi və strateji əhəmiyyətini daha da artıracaq”.
Deputat vurğulayıb ki, ən azı bu layihə vasitəsilə Şərqdən Qərbə doğru daşınan yüklərin həcminin kəskin şəkildə artacağı gözlənilir: “İlkin proqnozlara görə, Zəngəzur dəhlizi üzərindən daşınacaq yüklərin həcmi yaxın illərdə illik təxminən 15 milyon tona çata bilər. Bu, indiki yükdaşımaların həcmi nəzərə alındıqda, olduqca yüksək bir göstəricidir. Hətta ümumi proqnozlara əsasən, gələcək onilliklərdə bu rəqəmin daha da artaraq illik 70 milyon tona qədər yüksələcəyi ehtimal olunur. Bu artım həm Bakı–Tbilisi–Qars xətti, həm də Zəngəzur dəhlizi üzərindən keçən beynəlxalq yükdaşımaların genişlənməsi nəticəsində formalaşa bilər. Bu proses nəticə etibarilə göstərir ki, Cənubi Qafqaz bölgəsi, xüsusilə Azərbaycan, beynəlxalq yükdaşımalar sistemində mühüm tranzit mərkəzlərdən birinə çevrilə bilər. Söhbət təkcə yüklərin daşınma həcminin artmasından getmir, həm də yeni iqtisadi və geosiyasi reallıqların formalaşmasından gedir. O cümlədən bu gün fəal şəkildə Azərbaycan iştirakı ilə formalaşan təhlükəsizlik sisteminin daha da gücləndirilməsi və sabitliyin qorunması baxımından da bu layihələr mühüm əhəmiyyət daşıyır".
A.Allahverənov bildirib ki, Zəngəzur dəhlizi yalnız Şərqdən Qərbə doğru deyil, həm də Şimaldan Cənuba doğru yük daşımaları üçün əlverişli imkanlar yarada biləcək strateji bir layihə kimi qiymətləndirilir: "Bu baxımdan, sözügedən layihə Cənubi Qafqazda yeni siyasi reallığın daha da möhkəmlənməsinə xidmət edir. Onun iqtisadi, regional və qlobal əhəmiyyəti isə danılmazdır. Bu kontekstdə Avrasiya məkanının daha da inteqrasiya olunması, regionlararası əlaqələrin gücləndirilməsi və beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması baxımından Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də qeyd edildiyi kimi, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən biri olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün formalaşmasına da töhfə verə biləcək bir layihə kimi qiymətləndirilir. Bu istiqamətdə Azərbaycanın ardıcıl həyata keçirdiyi siyasət layihənin reallaşması üçün əlverişli siyasi mühit yaradır. Eyni zamanda Azərbaycanın yaratdığı bu imkanlar beynəlxalq aktorların da prosesdə daha fəal iştirak etməsinə zəmin formalaşdırır. Məhz bu baxımdan ABŞ-nin Ermənistanla bağlı atdığı son addımlar və Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşmalar xüsusi əhəmiyyət daşıyır. Bu sənədlərdə üç tərəfin iştirakı ilə formalaşan əməkdaşlıq formatı ABŞ-nin prosesə ciddi marağını nümayiş etdirir. Eyni zamanda Avropa Komissiyasının da bu istiqamətdə fəallığı, xüsusilə Ermənistanın dəstəklənməsi və “Global Gateway” kimi beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində layihələrin reallaşdırılması Orta Dəhlizin yükdaşımalar potensialını daha da artırır. Gələcəkdə isə Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların əldə olunacağı və bu layihənin tam şəkildə reallaşacağı ehtimalı yüksək qiymətləndirilir. Bütün bunlar ümumilikdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinə, Avrasiya məkanında inteqrasiya proseslərinin sürətlənməsinə və ölkənin tranzit mərkəz kimi rolunun daha da artmasına xidmət edir”.
Ayhan
15:27 16.06.2026
Oxunuş sayı: 53