Avropa Parlamenti deputatı: Aİ Ukrayna münaqişəsində vasitəçi ola bilməz
Avropa Parlamentinin Almaniyanın BSW partiyasından olan deputatı Mixael fon der Şulenburq hesab edir ki, Avropa İttifaqı Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu oynaya bilməz, çünki artıq münaqişənin iştirakçısına çevrilib.
Crossmedia.az xəbər verir ki, Moskvaya səfəri çərçivəsində TASS-a müsahibə verən Şulenburq bildirib ki, Avropa ölkələri ilə Rusiya arasında dialoqun bərpası ilk növbədə ayrı-ayrı dövlətlər səviyyəsində həyata keçirilməlidir. Onun sözlərinə görə, Aİ-nin xarici siyasəti üzv ölkələrin səlahiyyətində qalır və birlik vahid mövqedən çıxış etmir.
Deputat xüsusilə Almaniya ilə Rusiya arasında münasibətlərin normallaşmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Avropanın gələcəkdə hərbi qarşıdurma yolunu seçib-seçməyəcəyi və ya alternativ həll yolları axtaracağı məhz bu münasibətlərdən asılı ola bilər.
Şulenburqun fikrincə, Avropada son dövrlərdə sülhdən daha çox müharibə, silahlanma və hərbi hazırlıqla bağlı çağırışlar səslənir. O bildirib ki, Avropa İttifaqı müxtəlif münaqişə ocaqları ilə əhatə olunub və bu səbəbdən sabitliyə və sülhə hər zamankından daha çox ehtiyac duyur.
“Əgər Avropa qitəsində sülh yaratmaq istəyiriksə, Rusiya ilə danışmalıyıq. Bunun alternativi yoxdur”, – deyə deputat vurğulayıb.
O, həmçinin Almaniyada hərbiləşmə prosesinin gücləndiyini bildirib. Şulenburqun sözlərinə görə, hazırkı siyasi kurs yalnız silahlanmanı deyil, həm də Avropanın ən güclü ordusunun formalaşdırılmasını hədəfləyir.
Avropa Parlamentinin üzvü Ukrayna münaqişəsində Almaniya və digər Qərb ölkələrinin artıq tərəf kimi çıxış etdiyini də iddia edib. Onun fikrincə, silah tədarükü və kəşfiyyat məlumatlarının ötürülməsi bu ölkələri münaqişənin iştirakçısına çevirib.
Moskvadakı səfərini də dəyərləndirən Şulenburq Rusiyada müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə görüşdüyünü bildirib. O, ölkədə müşahidə etdiyi siyasi mühiti müsbət qiymətləndirərək, tərəflər arasında dialoqun və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayıb.
Deputatın sözlərinə görə, mövcud qarşıdurmanın başa çatdırılması həm Avropa, həm Rusiya, həm də Ukrayna xalqının maraqlarına uyğundur.
14:02 16.06.2026
Oxunuş sayı: 52