Ermənistan bazarı Azərbaycandan asılı vəziyyətə də düşə bilər - Məmmədyarov açıqladı
Həqiqi və qalıcı sülh sadəcə keçmişin ixtilaflarını bitirmək deyil, gələcəyin müştərək və dayanıqlı təməllərini qurmaqdır. Bu gün Cənubi Qafqazda yeni bir dövrün qapıları açılır və bu dövrün əsas memarı, şübhəsiz ki, regionun iqtisadi və siyasi mərkəzi olan, münaqişəni qələbə ilə başa vurmuş Azərbaycan dövlətidir. Ermənistanın Azərbaycandan qaz almaq ehtimalını nəzərdən keçirməsi regional sülhə doğru atılan praqmatik bir addım olmaqla yanaşı, Bakının bu coğrafiyada formalaşdırdığı yeni nizamın qəbuludur. Bu prosesdə Azərbaycan sadəcə bir ticarət tərəfdaşı deyil; sülhün şərtlərini müəyyən edən, regionu sabitliyə aparan və iqtisadi təsir imkanları ilə gələcək münasibətləri formalaşdıran əsas idarəedici gücdür. Çünki böyük zəfərlər dövlətlərə təkcə sabitlik gətirmir, həm də onlara regionun iqtisadi gələcəyinə rəhbərlik etmək missiyası qazandırır. Ermənistanın Azərbaycandan neft alması qərarından sonra, qaz idxal etməyi planlaması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhvə verəcək.
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlama verib.
"Sözsüz ki, sülh sazişi imzalandıqdan sonra həm qaz, həm də neft ixrac etmək olar. Biz indi də Ermənistana neft ixrac edirik. Hesab edirəm ki, bu məsələyə təkcə iqtisadi baxımdan yox, siyasi baxımdan da yanaşmaq lazımdır. Çünki, Azərbaycan Ermənistan bazarına çıxış edərkən, Ermənistan bazarı Azərbaycandan asılı vəziyyətə də düşə bilər. Baxmayaraq ki, Rusiya hazırda Ermənistana 80%-dən artıq qaz ixrac edir və tam asılı sala bilmir, amma Azərbaycan üçün də bu reallaşa bilər və Ermənistan bazarı bizdən asılı ola bilər. Təbii ki, iqtisadi baxımdan da faydalıdır-nəticədə qonşu ölkədir və onun vasitəsilə də pul qazana bilərik".
Turqut Ansari
15:33 16.06.2026
Oxunuş sayı: 55