Azərbaycan liderinin Trampa məktubunun "şifrələri"
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi ilə bağlı ünvanladığı təbrik məktubunda Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişaf istiqamətləri xüsusi vurğulanır. Məktubda iqtisadi-ticari əlaqələr, sərmayə qoyuluşu, enerji əməkdaşlığı, təhlükəsizlik, nəqliyyat-kommunikasiya imkanları, texnologiya və digər strateji sahələr üzrə tərəfdaşlığın genişləndirilməsinə dair qarşılıqlı iradənin mövcud olduğu qeyd edilir. Eyni zamanda dövlət başçısı iki ölkə arasında dostluq münasibətlərinin və etibarlı tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edir.
Məlumdur ki, Azərbaycan–ABŞ münasibətləri müstəqillik illəri ərzində müxtəlif mərhələlərdən keçib – enerji diplomatiyası, regional təhlükəsizlik, geosiyasi maraqlar, iqtisadi əməkdaşlıq və beynəlxalq proseslər bu münasibətlərin formalaşmasına təsir edən əsas faktorlar olub. Son illərdə isə regionda baş verən dəyişikliklər, Azərbaycanın artan geosiyasi çəkisi və yeni əməkdaşlıq istiqamətləri bu münasibətləri yenidən diqqət mərkəzinə gətirib.
Bəs bu gün Azərbaycan–ABŞ münasibətlərini müxtəlif istiqamətlər üzrə necə qiymətləndirmək olar? Bu əlaqələrin formalaşması və inkişafında hansı siyasi, iqtisadi və regional amillər həlledici rol oynayıb?

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a açıqlama verib: “Hesab edirəm ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin tarixini qiymətləndirərkən müstəqillik dövründən əvvəlki mərhələyə də nəzər salmaq vacibdir. Təbii ki, Sovetlər Birliyi dövründə bu münasibətlərin müstəqil formada inkişaf etməsi mümkün deyildi. Həmin dövrdə Azərbaycan yalnız imperiyanın tərkib hissəsi kimi ayrı-ayrı mədəni tədbirlərdə iştirak edir, müəyyən siyasi aksiyalara münasibət bildirir və iqtisadi məsələlərdə yer alırdı. Lakin bütün proseslər Kreml və Moskva tərəfindən müəyyənləşdirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə müəyyən diplomatik təşəbbüslər müşahidə olunurdu. Azərbaycan rəhbərlərinin ilk müraciətləri, Vudro Vilson ilə yazışmalar və Paris Sülh Konfransında iştirak cəhdləri olsa da, bunlar sonadək davam etdirilə bilmədi və Amerika–Azərbaycan münasibətlərinin sistemli inkişafına gətirib çıxarmadı. Müstəqillikdən sonra isə mərhum Heydər Əliyevin rəhbərliyi ilə ilk ciddi əlaqələr quruldu və münasibətlərin möhkəm təməllər üzərində formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bununla yanaşı, xüsusilə Sovet İttifaqının son illərində və sonrakı dövrdə Azərbaycana qarşı müəyyən mənfi münasibət formalaşdırmağa çalışan ABŞ Konqresindəki bəzi dairələr, o cümlədən 907-ci düzəliş və digər qərarlar ölkələrimiz arasında münasibətlərin inkişafına maneələr yaradırdı. Buna baxmayaraq, təxminən 2010-cu ilə qədər münasibətlər müəyyən şərtlər çərçivəsində inkişaf etdi. Obama və Biden administrasiyası dövrü bəzi ekspertlər tərəfindən itirilmiş zaman kimi qiymətləndirilir”.
Komitə sədri bildirib ki, Donald Tramp dövrünə nəzər saldıqda isə bir neçə mühüm məqam diqqəti cəlb edir: “ABŞ tarixində xarici ölkə liderinə indiki qədər açıq hörmət və qarşılıqlı anlaşmanın nadir hallarda müşahidə olunduğu qeyd olunur. Qlobal sülh təşəbbüsləri çərçivəsində keçirilən müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan rəhbərliyinə göstərilən münasibət, sosial media paylaşımlarında Azərbaycanın regional rolunun və əldə etdiyi nəticələrin vurğulanması diqqət çəkən məqamlar idi. Xüsusilə Azərbaycanın Vətən müharibəsindən sonrakı statusunun güclənməsi, regional və beynəlxalq təsir imkanlarının artması bu münasibətlərdə mühüm rol oynadı. Məlumdur ki, Trampa münasibət müxtəlif siyasi dairələrdə fərqlidir. Xüsusilə Avropa məkanında NATO büdcəsinin artırılması, üzv dövlətlərin təhlükəsizlik məsuliyyətinin artırılması, Ukrayna məsələsi və İran ətrafında formalaşan beynəlxalq gərginlik fonunda fərqli yanaşmalar mövcuddur. Lakin Azərbaycan baxımından yanaşdıqda, Qarabağ məsələsini hərbi-siyasi və diplomatik müstəvidə yekunlaşdıran, regional təhlükəsizlik modelini formalaşdırmağa çalışan Prezident İlham Əliyevin baxışlarının müəyyən istiqamətlər üzrə Tramp administrasiyasının yanaşmaları ilə yaxınlıq təşkil etdiyi barədə fikirlər səsləndirilir. Digər mühüm məqam ondan ibarətdir ki, ABŞ–Azərbaycan münasibətləri tarixində müxtəlif dövrlərdə daxili proseslərə müdaxilə cəhdləri, insan haqları mövzusu ətrafında təzyiqlər, beynəlxalq hesabatlar və müxtəlif donor təşkilatları vasitəsilə Azərbaycana yönəlik tənqidlər müşahidə olunub. Cozef Bayden administrasiyası dövründə də Azərbaycanın həyata keçirdiyi addımlarla bağlı müəyyən diplomatik təzyiqlərin olduğu barədə fikirlər səsləndirilirdi. Bununla belə, Azərbaycan rəhbərliyi öz mövqeyindən geri çəkilmədiyini və nəticədə ölkənin suverenliyinin tam təmin olunduğunu vurğulayırdı. Donald Trampın təşəbbüsü ilə regionda sülh proseslərinin təşviqi, liderlərin bir araya gətirilməsi, ABŞ investisiyalarının bölgəyə cəlbi, kommunikasiyaların açılması və diplomatik münasibətlərin genişləndirilməsi istiqamətində addımlar da xüsusi qeyd olunur”.
Z.Oruc son olaraq qeyd edib ki, bu kontekstdə Prezident İlham Əliyevin Trampa ünvanladığı təbrik məktubları və qarşılıqlı mesajlar sadəcə diplomatik protokol deyil, müəyyən siyasi məzmun daşıyan mesajlar kimi qiymətləndirilir: “Ümumilikdə hesab olunur ki, Tramp və İlham Əliyevin prezidentlik dövrlərində bölgədə sülhə nail olunması istiqamətində müəyyən imkanlar formalaşıb və sülh müqaviləsinin imzalanması regionun gələcək inkişafı üçün vacib amillərdən biri kimi çıxış edə bilər. Eyni zamanda, Zəngəzur dəhlizi məsələsi, regional kommunikasiyaların açılması və İran ətrafında gedən proseslər də yeni geosiyasi düzənin tərkib hissəsi kimi qiymətləndirilir. Nəticə etibarilə, liderlər arasında qarşılıqlı münasibət, siyasi simpatiya və dövlət maraqlarının uzlaşdırılması iki ölkə arasındakı əlaqələrin inkişafına müsbət təsir göstərə bilər. Bu baxımdan yaxın gələcəkdə Azərbaycan–ABŞ münasibətlərinin Cənubi Qafqazın yeni siyasi arxitekturasının formalaşmasında mühüm rol oynayacağı gözlənilir”.

Politoloq Tofiq Abbassov isə qeyd edib ki, hazırda Azərbaycanla ABŞ arasında münasibətlər öz tarixinin ən vacib mərhələlərindən birini yaşayır. İlk növbədə burada bir məqama diqqət yetirməliyik: Vaşinqtonla Bakı arasında indiki səviyyədə səmimi və qarşılıqlı anlaşmaya əsaslanan dialoq əvvəlki dövrlərdə müşahidə olunmayıb. Bilirik ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə münasibətdə hörmət və diqqətini heç vaxt gizlətməyib. O, dəfələrlə bildirib ki, Azərbaycan peşəkar və mahir siyasi idarəetmə modelinə malikdir. Bu amil ABŞ-nin Cənubi Qafqaz siyasətində də mühüm rol oynayır. Xatırladım ki, ötən ilin avqust ayının 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammit zamanı əsas diqqət mərkəzində, təbii ki, Donald Tramp olsa da, prosesin əsas iştirakçılarından biri Azərbaycan idi. Çünki Tramp Azərbaycanın regionda göstərdiyi fəaliyyətə xüsusi önəm verdiyini açıq şəkildə ifadə etmişdi”.
T.Abbasovun sözlərinə görə, həmin çərçivədə qeyd olunurdu ki, Zəngəzur dəhlizi və tranzit-kommunikasiya layihələri Azərbaycanın həyata keçirdiyi siyasətin məntiqi nəticələrindən biri kimi qiymətləndirilə bilər: “Bu, beynəlxalq inteqrasiya üçün yeni imkanlar yaradır. Uzaq Şərqdən Avropaya və Qərbə doğru yükdaşımaların intensivləşdiyi bir dövrdə Azərbaycan tranzit və logistika mərkəzi kimi son dərəcə effektiv rol oynayır. Eyni zamanda Azərbaycan yalnız regional deyil, Avrasiya məkanında da sabitləşdirici tendensiyaların formalaşmasına töhfə verir. O dövrdə bir sual da gündəmə gəlmişdi: əgər tam üstünlük əldə olunubsa, niyə proses daha sərt şəkildə davam etdirilmir? Azərbaycanın yanaşması isə fərqli idi. Azərbaycanın siyasəti heç vaxt ekspansiya və ya təcavüz üzərində qurulmayıb. Məqsəd dövlət sərhədlərini qorumaq, ərazi bütövlüyünü təmin etmək və əldə olunan nəticələri qoruyaraq regionda əməkdaşlıq mühiti yaratmaqdan ibarətdir. Ümumiyyətlə, Azərbaycanın həyata keçirdiyi layihələr yalnız milli maraqlara xidmət etmir. Bu layihələr eyni zamanda region ölkələri və digər tərəfdaşlar üçün iqtisadi fayda və yeni imkanlar yaradır. Məsələn, Cənub Qaz Dəhlizi buna nümunədir. Bu layihənin həyata keçirilməsi Azərbaycanın təşəbbüskarlığını və uzunmüddətli strateji baxışını göstərdi və bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verdi. Bu kontekstdə vaxtilə ABŞ-nin tanınmış siyasətçilərindən Henri Kissincerin məşhur fikri yada düşür: “ABŞ-lə düşmən olmaq çətindir, amma onunla dostluq etmək də asan deyil”. Ancaq Azərbaycan göstərir ki, qarşılıqlı hörmət və milli maraqların uzlaşdırılması əsasında ABŞ ilə konstruktiv münasibətlər qurmaq mümkündür”.
T.Abbasov qeyd edib ki, münasibətlərimizin kifayət qədər güclü bazası mövcuddur və bu baza əsasən üç istiqamət üzərində formalaşıb: “Birincisi, enerji əməkdaşlığıdır. İkincisi, təhlükəsizlik sahəsidir. Azərbaycan uzun illər ərzində ABŞ-nin müxtəlif təhlükəsizlik təşəbbüslərində iştirak edib və dəstək göstərib. Üçüncüsü isə dövlət quruculuğu və idarəetmə sahəsində əməkdaşlıqdır. Təbii ki, bu məsələlərdə Azərbaycanın öz yanaşmaları mövcuddur. Ola bilər ki, ABŞ tərəfindən təqdim edilən bəzi standartlar və modellər olduğu kimi qəbul edilmir. Bu da təbiidir. Çünki hər xalq öz tarixi, milli xüsusiyyətləri və sosial reallıqları əsasında inkişaf edir. Demokratik inkişaf da eyni prinsiplə formalaşmalıdır. Heç bir model başqa ölkəyə tam şəkildə köçürülə bilməz. Başqa ölkələrin təcrübəsi nümunə ola bilər, amma fundamental qərarlar hər dövlətin öz daxili reallıqları əsasında verilməlidir. Demokratik normaların ixracı ilə bağlı belə bir fikir də var ki, bəzi dəyərlər məsafə qət etdikcə ilkin formasını və effektivliyini itirə bilər. Bu baxımdan hər cəmiyyət öz inkişaf modelini formalaşdırmalıdır. Hesab edirəm ki, hazırkı ABŞ administrasiyası Azərbaycanın bu yanaşmasını anlayır. Təsadüfi deyil ki, Donald Tramp Azərbaycan istiqamətini vacib hesab edir. Sülh təşəbbüsləri çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə də Azərbaycan yüksək səviyyədə təmsil olunurdu. Orada ABŞ Prezidenti dəfələrlə Azərbaycan rəhbərliyinə istinad edir, onun mövqelərini xüsusi qeyd edirdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan–ABŞ münasibətlərinin böyük perspektivi var və bu əlaqələri inkişaf etdirmək lazımdır. Bu prosesdə dövlətlərarası münasibətlərlə yanaşı, vətəndaş cəmiyyətlərinin, ictimai institutların və xalqlar arasında qarşılıqlı yaxınlaşmanın da mühüm və əvəzolunmaz rolu olacaq”.
Ayhan
15:07 16.06.2026
Oxunuş sayı: 54