Qalibaf və ABŞ-nin vitse-prezidenti Vens imzalanma mərasimində iştirak edə bilər
İran Xarici İşlər Nazirliyinin müavini Məcid Təxt-Rəvançi jurnalistlərə açıqlamasında İran və ABŞ arasında müzakirə olunan anlaşma memorandumu ilə bağlı yeni detalları açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məcid Təxt-Rəvançi bildirib ki, memorandumun əsas məqsədi bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasıdır. Onun sözlərinə görə, sənəd yalnız hərbi toqquşmaların dayandırılmasını deyil, eyni zamanda genişmiqyaslı atəşkəs mexanizmini də əhatə edir.
O qeyd edib ki, razılaşma çərçivəsində Livan da daxil olmaqla bütün münaqişə cəbhələrində döyüşlərin dayandırılması nəzərdə tutulur. Həmçinin mümkün pozuntulara nəzarət üçün xüsusi monitorinq mexanizminin yaradılması planlaşdırılır.
Təxt-Rəvançinin sözlərinə görə, sənəddə İranın dondurulmuş maliyyə vəsaitlərinin taleyi, sanksiyaların yumşaldılması və ya blokadanın aradan qaldırılması, Hörmüz boğazında gəmiçiliyin bərpası və müharibədən sonrakı yenidənqurma məsələləri də yer alır.
O əlavə edib ki, imzalanma mərasiminin İsveçrədə keçirilməsi planlaşdırılır, lakin dəqiq məkan və format hələ təsdiqlənməyib. Elektron imza variantı da nəzərdən keçirilir.
İran tərəfinin məlumatına görə, imzalanma mərasimində İran parlament sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-nin vitse-prezidenti Cey Di Vens də iştirak edə bilər.
17:02 16.06.2026
Oxunuş sayı: 38