ABŞ-nin dediyi Aİ-nin "boğazından keçmir"
ABŞ Prezidenti Donald Trampın Fransa şərab və şampanlarına 100 faizlik gömrük rüsumları tətbiq edə biləcəyi ilə bağlı açıqlaması Vaşinqtonla Avropa arasında ticarət münasibətlərinin gələcəyi barədə müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, ABŞ və Avropa İttifaqı (Aİ) arasında son illərdə müşahidə olunan iqtisadi ziddiyyətlər təkcə gömrük və vergi məsələləri ilə məhdudlaşmır, daha geniş geosiyasi və iqtisadi maraqların toqquşmasının nəticəsidir. Xüsusilə ABŞ-nin Avropa ölkələrinə qarşı sərt iqtisadi alətlərdən istifadə etməsi transatlantik münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Mövcud gərginliklə Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib: “ABŞ və Aİ arasında iqtisadi-ticari savaş artıq çoxdan başlayıb. Fransa və ABŞ arasındakı gömrük və vergi ziddiyyətləri də bu savaşın tərkib hissəsidir. Hazırda ABŞ özünün ənənəvi qlobal hegemonluq mövqeyindən maksimum səviyyədə istifadə edərək rəqiblərinə öz şərtlərini diktə etməyə çalışır və bir çox hallarda da ABŞ-ın diktə etdiyi şərtlər qarşı tərəfin maraqları üçün kifayət qədər problemli məzmun daşıyır. Bu baxımdan hesab etmək olar ki, hazırda Tramp administrasiyasının yeritdiyi siyasət bütün sahələr üzrə, eləcə də iqtisadi-ticari istiqamətdə əsasən zorakılıq və təzyiq faktorlarına dayanır. Nəticədə də bütövlükdə dünya iqtisadiyyatı üçün müəyyən problemlər yaranmağa başlayıb. Böyük ehtimalla həm Fransa və ABŞ arasında, həm də Aİ və ABŞ arasında analoji problemlər davam edəcək. Hətta yaxın vaxtlarda bu problemlərin, ziddiyyətlərin və qarşıdurmaların xüsusilə iqtisadi-ticari sahə üzrə daha da dərinləşəcəyi gözlənilir”.
Zeynəb Həsən
16:38 16.06.2026
Oxunuş sayı: 49