Türkiyənin Van şəhərində Azərbaycanın 15 İyun – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü qeyd olunub
ürkiyənin Van şəhərində Azərbaycanın 15 İyun – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının, Van Azərbaycan Kürəsünnilər Dərnəyinin və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca 15 İyun – Milli Qurtuluş Günü və Van Azərbaycan Kürəsünnilər Dərnəyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Van Azərbaycan Kürəsünnilər Dərnəyinin sədri Bilal Yücəbaş iştirakçıları salamlayaraq, Milli Qurtuluş Gününün və Azərbaycan–Türkiyə qardaşlığının əhəmiyyətindən danışıb.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının sədri Adalet Turan və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsindəki müstəsna rolundan, həmçinin Şuşa Bəyannaməsinin Azərbaycan–Türkiyə münasibətlərindəki strateji əhəmiyyətindən bəhs ediblər.
Bədii hissədə Naxçıvan Muxtar Respublikası Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının kollektivi zəngin musiqi proqramı təqdim edib. Çıxışlar iştirakçıların böyük maraq və rəğbəti ilə qarşılanıb.
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulu Zamin Əliyev, Baş Konsulluğun vitse-konsulu Samir Quliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının sədri Adalet Turan və Federasiyanın sədr müavini Pərviz Məmmədzadə Van şəhərinə səfər zamanı Van vilayətinin valisi Ozan Balcı və Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Hamdullah Şevli ilə görüşüblər.
Vali ilə görüşdə iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bölgələrarası əməkdaşlıq imkanlarının genişləndirilməsi, diaspor fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ali təhsil müəssisəsində baş tutan görüşdə isə Azərbaycan və Türkiyə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsindən, universitetlərarası əlaqələrin genişləndirilməsindən və birgə layihələrin həyata keçirilməsindən bəhs olunub.
14:10 16.06.2026
Oxunuş sayı: 46