Şərif Ağayar, bəsdir!
Bu günlərdə Şərif Ağayarın verilişindən bir hissə çıxdı qabağıma. Sadəcə heyfisləndim. Ağsaqqal kişi, verilişdə danışmağa söhbət tapmayıb, Xalq şairləri Musa Yaqub və Ramiz Rövşənin bir içki məclisindən çəkilmiş videoya münasibət bildirir. Niyə? Nə zərurətə? Ümumiyyətlə bu son dövrdə istər mediada istər sosial şəbəkələrdə gündəmə gəlmək, görünmək istəyən insanlar həssas nöqtələrə toxunaraq bir iş gördüklərini düşünürlər. Arxada video gedir, Şərif Ağayar da üzünü tutub kameraya deyir ki, xalq şairi adı, adama xalqdan uzaqlaşıb içki məclisində olanda verilir”.
Gah deyir “o zənginlik xalq şairinin xalq arasında olmamasından xəbər verir”.
Gah da “süfrədə oliqarx ab-havası var, ərəb şeyxlərinin süfrəsinə oxşayır”.
Həmin videonu mən də izləmişəm. Masa arxasında tanıdıqlarım Xalq şairi Ramiz Rövşən, Xalq şairi Musa Yaqub və Akademik Rafiq Əliyev idi. Bu üç insan xalq tərəfindən yetəri qədər tanınan və sevilən dəyərli insanlardır. Öz işləri ilə özlərini sübut edən şəxslərdir. Süfrədə 2 çaxır, 1 araq var. Bir neçə dəstə göyərti və qazan yeməyi, iki stəkan da çay. Şərif Ağayar budurmu OLİQARX, ƏRƏB ŞEYXİ SÜFRƏSİ? 5 fəhlə bir yerə gələndə bundan da gözəl və bahalı süfrə qurur. Nədi indi 2 xalq şairi bir akademik və tanımadığım 4 nəfər bir yerə yığışıb sadaladıqlarımı süfrəyə düzəndəmi batır camaatın gözünə? Niyə batır? Yaxud niyə müzakirə edilir? Şair insan deyil? Yeyib içmir?
Bu absurdluğu kənara qoyandan sonra başqa bir ittihama aydınlıq gətirmək istəyirəm. Şərif Ağayar qeyd edir ki, Musa Yaquba xalq şairi adı veriləndə İsmayıllıda idim: “Yanına getdim, xeyli söhbət elədik, bir qısa da müsahibə aldım. Soruşdum ki, Musa müəllim Xalq şairi adını alanda ilk nə hiss etdiniz? Musa Yaqub dedi ki, kürəkənimi işdən çıxarmışdılar, yenidən işə qaytardılar. Beləcə xalq adı alan şair xalqdan uzaqlaşaraq siyasi elitaya daxil olur”. Şərif Ağayar, əgər sizin Musa Yaqubla ünsiyyətiniz, münasibətiniz olubsa, siz onun 1995-2000 ci illərdə deputat olduğundan və siyasi elitanın içində olduğundan xəbərdarsınız. Və Musa Yaqub 5 il sonra özü namizədliyini geri götürür və ora aid olmadığını bildirir. Hətta Milli Məclisin ab-havasını ifadə edən tənqidi bir şeir də yazır.
Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu yığnaq hara,
Kim gətirdi bura məni?
O zorbala, bu ərköyün,
Üz qırmızı, alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.
Bu oyundan xilas dedim,
Bir az susdum, bir az dedim
Hey "Üç badam, bir qoz" dedim,
Qoşdular bu xora məni.
Bu misralardan da aydın olur ki, Musa Yaqub Şərif Ağayarın “siyasi elita”adlandırdığı sosial təbəqədən özü öz xoşluğu ilə uzaqlaşıb. Əgər maraqlansa idi, o dövrdən siyasətdə qalar və daha böyük imkanlar əldə edərdi, lakin Musa Yaqub İsmayıllıya qayıtmağı üstün tutdu. Xalq şairi adını alanda Musa Yaqubun 82 yaşı var idi. Bu adı aldıqdan 2 il sonra da haqq rəhmətinə qovuşdu. Bu iki il sizə çoxmu görünür Şərif Ağayar?
Əgər kürəkəninin işlə təmin edilməsini arqument kimi gətirirsinizsə, bunda onun yox, kürəkənini xalq şairi adı aldığı üçün işə götürən qurumun günahı var. Musa Yaqub həm ölkədə həm də öz böyüdüyü dədə-baba torpağı olan İsmayıllıda kifayət qədər nüfuza və hörmətə sahib kişi idi. Onun bir kəliməsi ilə kürəkənini işə götürməzdilərmi? Bundan əlavə bu iki ildə hansı hadisəyə şahid oldunuz ki, xalq şairi adını alan insanın xalqdan uzaqlaşdığı qənaətinə gəldiniz? Maraqlıdır, deyin biz də bilək.
Musa Yaqub xalq şairi fəxri adını almadan əvvəl də xalqın şairi idi, lap almasa belə yenə də xalqın şairi olaraq ürəyimdə və mənim simamda yüzlərlə oxucusunun, sevəninin ürəyində yaşayacaqdı. Necə ki, indi yaşayır. Şərif Ağayar bu video haqqında “şərh” verərkən “bu video sosial şəbəkələrdə ciddi tənqidlərə məruz qalıb” deyərək başlayır. Lakin videonun paylaşıldığı bir çox sosial platformaya baxdım, lakin heç bir mənfi rəyə rast gəlmədim. Etik olmaz deyə ss-ləri paylaşmaq istəmirəm. Şərhlərdə o masada hər kəs qalıb bir qıraqda bütün şərh yazanlar Musa Yaquba rəhmət oxuyur, şeirlərindən hissələr yazır, xatirələrini bölüşürlər.
Qısacası, xahiş edirəm mövzu seçimində daha diqqətli olasınız. Bunu bir izləyici kimi tələb, həmkar kimi xahiş edirəm. Musa Yaqub sevən kimi isə sizi şiddətlə qınayıram.
12:59 16.06.2026
Oxunuş sayı: 64