Tahir Şıxəliyev: Rəssamlıq mənim üçün seçim yox, daxili ehtiyacdır – MÜSAHİBƏ
Müasir Azərbaycan təsviri sənətində şəhər mövzusu artıq yalnız estetik təsvir vasitəsi deyil, daha çox yaddaşın, zamanın və insan talelərinin bədii ifadə forması kimi çıxış edir. Xüsusilə də Bakının tarixi mərkəzi olan İçərişəhər bu baxımdan rəssamlar üçün tükənməz ilham mənbəyidir.
Məhz bu yanaşma ilə seçilən rəssamlardan biri də rəssam, təsviri sənət və qrafik ustası Tahir Şıxəliyevdir. Onun yaradıcılığında şəhər yalnız memarlıq məkanı kimi deyil, yaşayan, hiss edən və yaddaş daşıyan bir obraz kimi təqdim olunur. Rəssam real görüntünü təkrarlamaqla kifayətlənmir, onu daxili duyumları və fərdi təxəyyülü ilə yenidən qurur. Bu baxımdan onun əsərləri reallıqla bədii düşüncənin vəhdətində formalaşan xüsusi vizual dil yaradır.
Crossmedia.az-a müsahibəsində rəssamın yaradıcılıq dünyasını, ilham mənbələrini və sənətə baxışını daha yaxından öyrəndik.
- Özünüzü oxuculara necə təqdim edərdiniz?
- Mən Tahir Şıxəliyev. Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvüyəm. Rəssamlıq üzrə ilk təhsilimi Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində almışam, daha sonra Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olub təhsilimi davam etdirmişəm.
Təhsilimi başa vurduqdan sonra Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətinə başlamışam. İlk dövrlərdə İstehsalat Kombinatında çalışmışam, sonradan isə sərbəst rəssam kimi fəaliyyətimi davam etdirmişəm. Son üç-dörd ildə əsərlərim Bakıda, Ankarada, İstanbulda və yaxın zamanda İtaliyada sərgilənib.

- Rəssamlığa marağınız nə vaxt formalaşıb? İlk dəfə bu bacarığınızı nə zaman kəşf etdiniz?
- Uşaqlıqdan şəkil çəkirdim. Təxminən üç-beş yaşlarımdan bu maraq məndə formalaşmışdı. Ola bilsin ki, ailədə və ya qohumlar arasında rəssam olanlar olub, onların təsiri də keçib. Amma əsas məsələ odur ki, bu daxildən gələn bir hissdir. İnsan özü hiss etməlidir. Mən daim çəkirdim – qəzetlərdən, kitablardan, ətrafımdakı insanlardan təsirlənirdim. Əl işləməyə öyrəşmişdi və bu proses getdikcə mənim üçün daxili tələbat halını aldı.

- Sizi ilhamlandıran nə olub?
- Mənim üçün ən böyük ilham mənbəyi həyatın özüdür. Məsələn, yaz fəslində səhər evdən çıxanda havadakı o xüsusi qoxu, o təzəlik hissi insanı yaşamağa daha çox bağlayır. O an düşünürsən ki, yaşamaq, görmək nə qədər gözəldir. Bu hisslər mənim yaradıcılığıma birbaşa təsir edir.
Bununla yanaşı, klassik rəssamların yaradıcılığı da mənə böyük təsir edib. Rubens, Rembrandt, Mikelancelo kimi sənətkarları xüsusi qeyd edə bilərəm. Pikassonun yaradıcılığı çox maraqlıdır. O, həyatının müxtəlif dövrlərində fərqli üslublarda işləyərək sənətdə daim yenilənmənin mümkün olduğunu göstərib.
Azərbaycan rəssamlarından isə Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, əmim Oqtay Şıxəliyev kimi sənətkarların yaradıcılığı mənə təsir edib. Gənc rəssamların inkişafını da maraqla izləyirəm.

- Karyeranızda elə bir qərar olub ki, o vaxt risk kimi görünürdü, amma indi baxanda deyirsiniz ki, yaxşı ki etmişəm?
- Açığı, mən bu sənəti seçərkən heç vaxt tərəddüd etməmişəm. Bu, mənim daxilən bağlı olduğum bir sahə idi. Əgər insan hər gün əlində qələm və ya fırça ilə işləyirsə, bu artıq onun həyat tərzinə çevrilir. Mənim üçün rəssamlıq seçim yox, daxili ehtiyac olub.

- Əsərlərinizdəki rəngarənglik sizin daxili dünyanızın ifadəsidirmi?
- Bəli, amma mən əvvəlcədən planlaşdırmıram ki, hansı rəngdən istifadə edəcəyəm. Məsələn, demirəm ki, bu əsəri mütləq mavi və ya qırmızı tonlarda çəkəcəyəm. Hər şey daxildən gəlir. Rənglər də, kompozisiya da təbii şəkildə formalaşır.
Rəssamlıq müəyyən mənada elmdir, öz qanunları var. Amma riyaziyyatdan fərqli olaraq burada sərbəstlik daha çoxdur. Məsələn, riyaziyyatda 5+5 mütləq 10 edir, amma incəsənətdə bu qayda dəyişə bilər – burada əsas olan sənətkarın baxışıdır.

- O zaman demək olar ki, gördüyünüzü deyil, hiss etdiyinizi çəkirsiniz?
- Bəli. Akademiyanı bitirdiyim ilk illərdə daha çox realist üslubda işləyirdim. Amma zaman keçdikcə mənə daha maraqlı gəldi ki, yalnız gördüyümü yox, düşündüklərimi və hiss etdiklərimi də əsərlərə əlavə edim.
Məsələn, İçərişəhərlə bağlı əsərlərimdə binaları sadəcə memarlıq obyekti kimi yox, canlı varlıq kimi təqdim edirəm. Hər bina bir insan kimidir, öz yaddaşı, öz hekayəsi var. Çünki yüz illər boyu həmin məkanlarda müxtəlif nəsillər yaşayıb və bu enerji orada qalır.
Eyni zamanda əsərlərimdə simvolik yanaşmalar da var. Məsələn, Qarabağ mövzusu ilə bağlı işlərimdə qayıdış, yaddaş, müharibə və sülh ideyalarını müxtəlif obrazlar vasitəsilə çatdırmağa çalışmışam. Orada maskalar, simvollar, dini elementlər – hamısı müəyyən məna daşıyır.
Bir sözlə, mənim üçün rəssamlıq yalnız gördüyünü çəkmək deyil, hiss etdiyini və düşündüyünü vizual formada ifadə etməkdir.

12:21 25.04.2026
Oxunuş sayı: 304