Ermənistan bu məlumatı gizlədir: Türkiyə üçün hansı təhlükə var?
Astanada 22-24 aprel tarixlərində Regional Ətraf Mühit Zirvəsi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ətraf mühit, iqlim və ekologiya üzrə məsul nazirlərinin ikinci görüşü baş tutacaq.
Tədbirdə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan, Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Akıl Toktobayev, Türkiyə Prezidentinin baş müşaviri, ətraf mühit, iqlim dəyişikliyi və urbanizasiya nazirinin müavini Həsən Suver, Özbəkistan Prezidentinin müşaviri - ekologiya və iqlim dəyişikliyi üzrə milli komitəsinin sədri Əziz Abduhakimov, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev iştirak edəcəklər.
İştirakçılar iqlim dəyişikliyinə uyğunlaşma, təbii sərvətlərin davamlı istifadəsi və regional əməkdaşlığın gücləndirilməsi də daxil olmaqla, mövcud ekoloji siyasət məsələlərini müzakirə edəcəklər. Təcrübə mübadiləsinə, əməkdaşlığın prioritet sahələri üzrə razılığa gəlməyə, ümumi ekoloji problemlərin effektiv həll yollarının tapılmasına və davamlı inkişaf sahəsində birgə təşəbbüslərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə ekoloji sahədə birgə fəaliyyətin gücləndirilməsi vacib istiqamətlərdən biri kimi önə çıxır. Qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ekosistemlərin deqradasiyası bu zərurəti daha da aktuallaşdırır. Vurğulayaq ki , regional miqyasda Xəzər hövzəsi, eləcə də Kür və Araz çayları üzrə ekoloji təhlükəsizlik məsələləri xüsusi diqqət tələb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Elçin Bayramlı TDT-nin bütün sahələrdə inteqrasiyasının və əməkdaşlığın artırılmasının vacib olduğunu vurğulayıb: “Xüsusilə də hazırkı şəraitdə buna daha çox ehtiyac var. Cənab Prezidentimiz də həmişə bu məqamları qabardır ki, biz daha sıx inteqrasiya etməliyik, əlaqələri, əməkdaşlıqları gücləndirməliyik. Bütün sahələrdə bunun üçün potensial var. Bu, əlbəttə, ekoloji sahə üçün də istisna deyil. Əməkdaşlıqlar, qarşılıqlı əlaqələr bu sahə üçün də şərtdir. Burada bir çox sahələrdə imkanlar var. Məsələn, Xəzər dənizinin qorunması, təmizliyinin təmin olunması, çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması üçün dövlətlər əməkdaşlıq edə bilər. Bundan əlavə, Kür və Araz sahələrinin transsərhəd çirklənməsi məsələsi var. Türkiyə Metsamor AES-in zərərli tullantılarından zərər çəkir. Bununla bağlı bəzi araşdırmalar var. Ermənistan tullantıların haraya axıdıldığı barədə məlumatları gizlədir. Bu tullantıların Araz sahələrinə, Türkiyə ərazisinə axıdıldığına dair iddialar da var.

E. Bayramlı qeyd edib ki, digər sahələrdə də əməkdaşlıqlar vacibdir: “Torpaq eroziyasının qarşısının alınmasında əməkdaşlıqlar mümkündür. Meşə ehtiyatlarının qorunması və yenilərinin salınmasında, atmosfer tullantılarının azaldılmasında əməkdaşlıqlar etmək olar. Yaşıl enerjinin tətbiqində bu məsələləri inkişaf etdirmək mümkündür. Yaşıl iqtisadiyyata keçmək, yaşıl enerjinin növlərinin inkişaf etdirilməsi üçün potensial var. Bu baxımdan bu ölkələrin bu sahədə əməkdaşlıqları vacibdir. Bundan sonrakı dövrdə proqnozlar göstərir ki, bu sahədə ciddi problemlər gözlənilir. Quraqlıq, qlobal istiləşmə, torpaqların eroziyası, havanın çirklənməsi kimi qlobal problemlər var. Bu baxımdan TDT bununla bağlı indidən strateji proqramlar, əməkdaşlıqlar işləyib hazırlamalıdır. Xüsusilə də yaşıl enerji, yaşıl iqtisadiyyat sahələrinin qurulması vacibdir. Azərbaycanda bu sahədə böyük təcrübə var. Qarabağda yaşıl iqtisadiyyat qurulur, yaşıl enerji əsasında sistemlər qurulur və bu təcrübəni də bölüşmək olar. Eləcə də digər ölkələrin müəyyən təcrübələri var ki, bir-biri ilə onları bölüşə bilərlər. Yəni bu sahədə potensial var, perspektiv var, ehtiyac da var. Ona görə burada təşkilatın öz fəaliyyətinin daha da artırılması və əməkdaşlıqlarını gücləndirməsi son dərəcə vacibdir. Bu, eyni zamanda digər sahələrə də müsbət təsirini göstərəcək”.
Fatimə
18:56 22.04.2026
Oxunuş sayı: 62