Avropa anlayır: Azərbaycan mühüm ölkədir
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan məhsuldar danışıqlar iki tərəf arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Son dövrlərdə müəyyən siyasi fikir ayrılıqları və gərginliklər müşahidə olunsa da, dialoqun davam etdirilməsi və əməkdaşlıq platformalarının qorunması münasibətlərin tam dayanmadığını, əksinə, yeni mərhələyə keçid imkanlarının hələ də açıq olduğunu göstərir.
Hazırkı vəziyyət Aİ–Azərbaycan münasibətlərinin tam normallaşdığını deməyə əsas verməsə də, tərəflər arasında praqmatik yanaşmanın üstünlük təşkil etdiyi görünür. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq sahələrində qarşılıqlı maraqlar münasibətlərin sabit qalmasında əsas rol oynayır.
Bu kontekstdə yeni tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar münasibətlərin yenidən strukturlaşdırılması və daha sabit hüquqi çərçivəyə salınması baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Crossmedia.az-a açıqlama verib: “Əslində bu gərginlik Azərbaycan tərəfindən qaynaqlanmır. Avropa İttifaqında (Aİ) vaxtaşırı anlayırlar ki, Azərbaycan Qafqazda mühüm ölkədir və regionda onların müəyyən siyasi xəttinin aparılmasında əsas istinad nöqtəsi ola bilər. Bunu dərk edirlər, amma bəzən ayrı-ayrı maraqları güdən ölkələrin bəzi təmsilçiləri, xüsusilə parlament səviyyəsində Azərbaycan əleyhinə qərarların çıxarılmasına çalışırlar. Bu da təbii olaraq Azərbaycanın güclü dövlət kimi hər hansı müdaxiləni qəbul etməməsi və buna sərt reaksiya verməsi ilə nəticələnir. Bu baxımdan, məsələnin düzgün istiqamətdə və qarşılıqlı maraqlara uyğun şəkildə tənzimlənməsi Aİ-nin də maraqlarına tam uyğundur”.
Deputat əlavə edib ki, münasibətlərin tam müsbətə doğru getdiyini demək çətin olsa da, ümumi tendensiyanın pozitiv istiqamət götürdüyünü söyləmək mümkündür: “Azərbaycan da istənilən pozitiv addıma eyni şəkildə cavab verməyi normal sayır. Çünki ölkəmiz əməkdaşlığa açıqdır və bu məsələlərdə öz maraqlarını aydın şəkildə ortaya qoyur. Burada əsas faktor iqtisadi maraqlardır və Azərbaycan Aİ ilə iqtisadi əməkdaşlıq sahəsində ən güclü tərəfdaşlardan biri kimi tanınır, xüsusilə enerji layihələrində. Bu əməkdaşlıqdan imtina etmək isə indiki şərtlərdə Avropanın özü üçün də arzuolunan deyil”.
Ayhan
13:25 08.06.2026
Oxunuş sayı: 47