Uşaq qidalarında zəhər: Körpələrə qarşı terror cəhdi?
Avstriyada Hipp markalı uşaq qidası bankalarında siçan zəhəri aşkarlanıb. Hadisə Burgenland bölgəsində bir alıcının şübhəli məhsul alması ilə üzə çıxıb. Laborator analizlər nəticəsində məhsulların tərkibində zəhərli maddə olduğu təsdiqlənib. Şirkət məhsulları Avstriya ilə yanaşı bir neçə Avropa ölkəsindəki 1500 supermarketdən geri çağırıb. İstehsalçı hadisənin kənar müdaxilə nəticəsində baş verdiyini bildirərək məhsuldan istifadə etməməyi tövsiyə edib.Bu hadisə Azərbaycanda da qida təhlükəsizliyi məsələlərində daha ehtiyatlı olmağın vacibliyini bir daha göstərir.
Məlum olduğu kimi, oxşar qidalardan Azərbaycanda da istifadə olunur. Bu isə məsələni xüsusi aktuallaşdırır.

Qida eksperti Ağa Salamov məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib: " Göründüyü kimi, Avstriya polisinə şikayət daxil olur və onun əsasında nəzarətə götürülür. Qablaşdırmada da zədələnmələr var. Təbii ki, bu, qida zəncirinin daşınma mərhələlərində və yaxud qablaşdırılma mərhələlərində buraxılan bir səhvdir. Burada cinayət tərkibi var. Bu, terror əməlidir. Belə ki, zəhərin uşaq qidalarının içinə tökülməsi, nüfuz etməsi birbaşa kimyəvi zəhərlənmədir. Bu da uşaqlarda birbaşa ölüm riskinin üzə çıxmasına gətirib çıxarır. Heç bir şirkətin marağında deyil ki, onun qablaşdırılmasında bir problem olsun və yaxud məhsulunda fiziki, kimyəvi, bioloji çirklənmələr olsun".
A.Salamovun fikrincə, burada daşınma və logistika yaxud da qablaşdırılma problemi var: " Nəzərə almaq laızımdır ki, Avropada məsələ Azərbaycandakı kimi deyil. Azərbaycanda qida məhsulları qəbul olunanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) nəzarətə götürür, həmin qidalar laborator müayinədən keçirildikdən sonra ölkəyə idxalına icazə verilir. Arxivə nəzər salanda görürük ki, AQTA neçə illərdir uşaq qidalarını satışdan geri çıxarıb və yaxud qanunsuzluq aşkarlayıb geri qaytarıb. Amma Avropada belə deyil. Avropa ölkələrində daşınma zamanı daxildə heç bir yoxlamalar olmur. İnsanlar Şengen zonasında rahat keçib-gələ bilir. Şengen vizası olduğuna görə hər tərəfə gedib-gələ bilirlər. Bütün Avropa daxilində mallar, məhsullar və insanlar rahat hərəkət edə bilir. Bu da təbii ki, Avropada gördüyümüz kimi bəzi hallarda belə məhsulların – kimyəvi maddələrlə çirklənmiş məhsulların dövriyyəyə daxil olmasına şərait yaradır. Amma yenə də Azərbaycan özü ehtiyatlı olmalı və daha dəqiq, daha diqqətli analizlərin aparılması zəruridir".
Fatimə
18:54 21.04.2026
Oxunuş sayı: 119