Efiopiya Azərbaycan müdafiə sənayesi üçün yeni ixrac bazarı ola bilərmi?
Müasir beynəlxalq münasibətlər sistemində müdafiə sənayesi sahəsində əməkdaşlıq dövlətlər arasında strateji tərəfdaşlığın mühüm elementlərindən birinə çevrilib.
Azərbaycanın son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər və formalaşdırdığı istehsal potensialı artıq onu beynəlxalq müdafiə bazarında söz sahibi olan ölkələrdən birinə çevirib.
Bu kontekstdə Efiopiya ilə müdafiə sahəsində əməkdaşlığın qurulması həm siyasi, həm də iqtisadi baxımdan diqqətçəkən addım kimi qiymətləndirilə bilər.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın müdafiə sənayesinin daha da inkişaf etməsi, yeni bazarlara çıxış imkanlarının genişlənməsi və texnoloji təcrübənin paylaşılması mümkün görünür.
Eyni zamanda, Efiopiyanın da Azərbaycanın müdafiə sistemində tətbiq olunan müasir yanaşma və texnologiyalardan faydalanması məsələsi xüsusi aktuallıq kəsb edir.
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlama verib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi və diqqəti nəticəsində Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın müdafiə sənayesi artıq gəlir gətirən sahə kimi qəbul olunur.
Bu isə öz növbəsində müdafiə sənayesinə yeni texnologiyaların gətirilməsi, yeni müəssisələrin açılması və həmin müəssisələrdə istehsal olunan məhsulların həm tələbat baxımından tələb olunması, həm də keyfiyyətinə görə müasir standartlara cavab verməsi ilə xarakterizə olunur.
O ki qaldı, Efiopiya ilə əməkdaşlığa, Azərbaycan beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edir və müdafiə sənayesi məhsullarını bu platformalarda nümayiş etdirir.
Bu sərgilərdə Azərbaycanın pavilyonlarına olan maraq getdikcə artır, pavilyonların sahəsi genişlənir və istehsal olunan hərbi məhsulların çeşidi də artır. Eyni zamanda, bu məhsullara beynəlxalq səviyyədə maraq da getdikcə yüksəlir.
Efiopiya da həmin ölkələrdən biridir ki, sərgilərdə Azərbaycanın hərbi təyinatlı məhsulları ilə yaxından maraqlanıb və bu istiqamətdə müəyyən danışıqlar aparılıb.
Artıq bu danışıqlar əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir və düşünürəm ki, bu, gələcəkdə daha da genişlənəcək. Efiopiyanın maraq göstərdiyi, Azərbaycanda istehsal olunan silah və sursatların həmin ölkəyə ixracı mümkündür.
Eyni zamanda, əgər Efiopiyada Azərbaycan üçün maraqlı ola biləcək yeniliklər və ya yanaşmalar mövcud olarsa, Azərbaycan da bundan faydalana bilər. Çünki əməkdaşlıq, adətən, qarşılıqlı xarakter daşıyır. Ola bilsin ki, gələcəkdə Efiopiya ilə birgə müdafiə sənayesi müəssisələrinin yaradılması istiqamətində addımlar atılsın".
Ekspert əlavə edib ki, Efiopiyanın iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən müdafiə sənayesi müəssisələrində birgə layihələr həyata keçirilməsi və ya Efiopiya sərmayəsi əsasında yeni müəssisələr yaradılması mümkündür:
"Bu cür Azərbaycan-Efiopiya birgə müəssisələri istehsal etdikləri məhsulları beynəlxalq bazarlara çıxarmaq imkanına malik ola bilər.
Ümumilikdə, Azərbaycan bütün sahələr üzrə dünyaya açıq ölkədir və maraqlı istiqamətlərdən biri də məhz müdafiə sənayesidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Efiopiya arasında digər sahələrdə də əməkdaşlıq mövcuddur və müdafiə sənayesi bu münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirilə bilər.
Əməkdaşlıq yalnız hər iki tərəfin maraqlarına uyğun olduqda və qarşılıqlı fayda təmin edildikdə daha da inkişaf edir. Mən düşünürəm ki, Azərbaycan ilə Efiopiya arasında müdafiə və sənaye sahəsində əməkdaşlıq gələcəkdə perspektivli istiqamətlərdən biri olacaq.
Azərbaycan artıq bu sahədə ciddi təcrübə qazanıb, müdafiə sənayesində çalışan kadr potensialı yüksək səviyyədədir. Müasir tələblərə cavab verən bilik və təcrübə bazası formalaşıb və bu baza əsasında istehsal olunan silah və sursatların beynəlxalq bazara çıxarılması təcrübəsi mövcuddur.
Hazırda Azərbaycan istehsalı olan hərbi texnika və silahlara maraq göstərən ölkələrin sayı getdikcə artır və bu rəqəm artıq 20-ni keçib. Bütün bunları nəzərə alaraq demək olar ki, həm Efiopiya, həm də Azərbaycan bu əməkdaşlıqdan qarşılıqlı şəkildə faydalana və öz milli maraqlarına uyğun olaraq müsbət nəticələr əldə edə bilərlər".
Ayhan
16:35 14.04.2026
Oxunuş sayı: 199