Müasir müharibələrə hazırıqmı? - təlimlər nə deyir?
Müasir dövrdə təhlükəsizlik mühiti getdikcə daha mürəkkəb xarakter alır və bu şəraitdə orduların yalnız nəzəri deyil, praktiki baxımdan da daim hazırlıqlı olması zərurətə çevrilir.
Azərbaycan hərbçilərinin Anatolian Phoenix - 2026 kimi beynəlxalq təlimlərdə iştirakı, xüsusilə real döyüşə yaxın ssenarilərdə uğurlu nəticələr əldə etməsi, ordumuzun peşəkarlıq səviyyəsinin və operativ imkanlarının göstəricisidir.
Bu baxımdan, belə təlimlərin ordumuzun güclənməsində rolu, əldə olunan praktiki təcrübə, beynəlxalq əməkdaşlıq və müasir hərbi taktika ilə yaxından tanışlıq kimi mühüm amillərlə birbaşa əlaqəlidir.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib:

"Dünyada və regionda baş verən proseslər onu göstərir ki, ordu hər zaman hazırlıqlı olmalıdır. Hər bir dövlətdə müstəqilliyin qorunması güc vasitəsilə təmin olunur. Ordu hazırlığı isə fərdi əsgər hazırlığından başlayaraq taqım, bölük, tabor və daha böyük hərbi birləşmələrin hazırlığını əhatə edir. Bu hazırlıq ölkə daxilində keçirilən təlimlərlə yanaşı, beynəlxalq təlimlərdə də özünü göstərir.
Bu cür təlimlərin əhəmiyyəti olduqca böyükdür. Əgər keçirilən hərbi texnika və vasitələr təlimlərdə sınaqdan çıxırsa, bu, sonda real döyüş şəraitində özünü göstərir. Azərbaycan Ordusu 44 günlük müharibədə və antiterror əməliyyatlarında öz gücünü dünyaya nümayiş etdirdi".
Ekspert əlavə edib ki, davamlı təlimlər və hazırlıq ordunu yüksək səviyyədə saxlayır və hər zaman döyüşə hazır vəziyyətdə olmasını təmin edir:
"Xüsusilə, qardaş ölkə Türkiyə ilə beynəlxalq təcrübənin bölüşdürülməsi, müasir dövrdə tətbiq olunan yeniliklərin ordumuza inteqrasiyası və qarşılıqlı koordinasiyalı fəaliyyət olduqca önəmlidir.
Bu cür təlimlər gələcəkdə regionda və dünyada baş verə biləcək, ölkələrimizin milli maraqlarına zidd addımlar olduğu təqdirdə, ordularımızın birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaqdır.
Ona görə də bu təlimlər vahid ordu kimi hərəkət etmək, terrorçulara və işğalçılara qarşı birgə mübarizə aparmaq baxımından son dərəcə əhəmiyyətlidir".
Ayhan
11:40 14.04.2026
Oxunuş sayı: 586