Ailə qurmaq istəyənlər üçün yeni “filtr” gəlir?
Ailə institutunun möhkəmləndirilməsi və sağlam cəmiyyətin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Nikah münasibətlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi, tərəflər arasında şəffaflığın artırılması və gələcək ailə həyatında yarana biləcək risklərin əvvəlcədən qarşısının alınması bu sahədə həyata keçirilən təşəbbüslərin əsas məqsədlərini təşkil edir.
Müasir dövrdə ailə quruculuğuna daha məsuliyyətli yanaşmanın təşviqi, xüsusilə sağlamlıq və sosial amillərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, nikah üçün tələb olunan sənədlər siyahısının genişləndirilməsi ilə bağlı irəli sürülən təkliflər ailədaxili problemlərin azalmasına, tərəflər arasında qarşılıqlı məlumatlılığın artırılmasına və uzunmüddətli sabit ailə münasibətlərinin formalaşmasına xidmət edə bilər.
Məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən, hər kəsin ailə qurmaq hüququ vardır və nikaha daxil olmaq yalnız könüllü razılıq əsasında həyata keçirilir. Heç kəs nikaha məcbur edilə bilməz.
Lakin qeyd olunan hüquq müəyyən şərtlər və məhdudiyyətlər çərçivəsində tənzimlənir. Belə ki, ailə iki şəxsin könüllü ittifaqı olmaqla yanaşı, eyni zamanda yüksək məsuliyyət tələb edən sosial institutdur. Ailə dövlətin əsasını təşkil edir və kiçik bir model olaraq cəmiyyətin dayanıqlığını təmin edən mühüm amillərdəndir.
Ailə qurularkən onun gələcək sabitliyi və davamlılığı əsas prinsip kimi götürülməlidir. Ailədə uşaqların dünyaya gəlməsi, onların sağlam və düzgün formalaşması cəmiyyətin ümumi inkişafına birbaşa təsir göstərir.
Bu baxımdan, nikah üçün müəyyən edilmiş yaş həddi xüsusi əhəmiyyət kəsb edir. Qanunvericiliyə əsasən, nikah yaşı 18 olaraq müəyyən edilmişdir. Bu yaşa qədər şəxslər hüquqi baxımdan uşaq hesab olunur, 18 yaş tamam olduqdan sonra isə onların ailə qurmaq hüququ yaranır.
Bununla yanaşı, bu hüquqdan sui-istifadə hallarına da yol verilməməlidir. Qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər, o cümlədən yaxın qohumlar arasında nikahın qadağan olunması bu məqsədə xidmət edir.
Eyni zamanda, nikaha daxil olmaq istəyən şəxslər müvafiq tibbi müayinələrdən keçməlidirlər. Lakin hazırda tətbiq olunan tibbi müayinələrin ailənin gələcək sağlamlığını tam təmin etdiyini söyləmək mümkün deyil.
Bu səbəbdən hesab edirəm ki, nikaha daxil olmaq istəyən şəxslərin yalnız ümumi tibbi yoxlamalarla kifayətlənməsi deyil, eyni zamanda genetik müayinələrdən də keçirilməsi məqsədəuyğun olardı.
Çünki bir sıra xəstəliklər genetik xarakter daşıyır və mövcud standart müayinələrlə onların aşkar edilməsi mümkün olmur.
Təəssüf ki, bəzi hallarda valideynlər özlərində və ya övladlarında mövcud olan genetik, irsi, psixoloji və psixiatrik problemləri gizlədərək onların ailə qurmasına şərait yaradırlar ki, bu da gələcəkdə ciddi sosial və ailədaxili problemlərə səbəb olur.
Müşahidələr göstərir ki, boşanmaların əhəmiyyətli bir hissəsi məhz tərəflərin psixoloji və psixiatrik problemləri ilə bağlıdır. Bu problemlər yalnız ailə münasibətlərinə deyil, həm də dünyaya gələn uşaqların sağlam inkişafına mənfi təsir göstərir.
Bu baxımdan, nikaha daxil olmaq istəyən şəxslərin ilkin mərhələdə peşəkar psixoloqlar tərəfindən psixoloji qiymətləndirmədən keçirilməsi, eləcə də psixiatrik və narkoloji müayinələrdən keçməsi zəruri hesab olunur.
Bundan əlavə, ailə məsləhət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi və bu sahədə dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Ailələrin dağılmasının qarşısının alınması və onların davamlılığının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul edilən normativ aktların dairəsinin genişləndirilməsi məqsədəuyğun olardı.
Eyni zamanda, qeyd edilməlidir ki, bəzi şəxslər ailə qurmağa formal yanaşırlar. Halbuki bu, ciddi və məsuliyyətli bir qərardır. Nişan və toy mərasimlərinin təşkili, valideynlərin çəkdiyi maddi və mənəvi zəhmət bu prosesin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Ən vacib məsələ isə valideynlərin sağlam düşüncəli, tərbiyəli övlad yetişdirməsi və onları cəmiyyətə layiqli fərd kimi təqdim etməsidir.
Nəticə etibarilə, ailə institutunun möhkəmləndirilməsi və davamlılığının təmin olunması üçün mövcud məhdudiyyətlərin və nəzarət mexanizmlərinin tətbiqi zəruri və əsaslandırılmış hesab olunmalıdır".
Sosioloq Əhməd Rəhmanov isə bu müayinələrin əgər dövlət tərəfindən qarşılanması olarsa bu çox müsbət bir addım olmuş olacağını bildirib:

"Hesab edirəm ki, həmin müayinələrə mütləq psixoloji testlər də əlavə edilməlidir. Çünki bu gün bir çox ailələrin dağılmasının əsas səbəblərindən biri ailə quran şəxslərin psixoloji baxımdan bu məsuliyyətə tam hazır olmamalarıdır.
Eyni zamanda, tərəflərin kompromisə getmək bacarığının zəif olması da ciddi problemlər yaradır.
Bu baxımdan, namizədlərin psixoloji vəziyyətinin əvvəlcədən qiymətləndirilməsi və nəticələrin hər iki tərəfə təqdim olunması məqsədəuyğun olar.
Bu, onlara gələcəkdə qarşılaşa biləcəkləri çətinlikləri öncədən dəyərləndirməyə və daha düşünülmüş qərar verməyə imkan yaradacaqdır".
Elmir Heydərli
11:07 13.04.2026
Oxunuş sayı: 554