Qurtuluşdan doğan gələcək
Tarixdə elə günlər var ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyır. Elə günlər vardır ki, həmin günlərdə xalqımızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Xalqımızın qurtuluş tarixini yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan dahi şəxsiyyət- Heydər Əliyevdir. Azərbaycan tarixinin çox önəmli bir dövrü olan XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı məhz Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində olarkən geridə qalmış respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Bu da birbaşa ana dilimizin sıxışdırılması demək idi. Belə bir çətin şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada iqtisadiyyatın dirçəlməsinə nail oldu. Qısa bir vaxtda Azərbaycan durğunluq dövründən, iqtisadi tənəzzüldən qurtularaq, inkişaf etmiş sənayeyə malik qabaqcıl respublikalarından birinə çevrildi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün böyük nəticələrindən biri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı. Çoxlu zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Həmin dövrdə on mindən çox azərbaycanlı gənc qabaqcıl ali məktəblərə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində peşəkar kadr kimi fəal iştirak edirlər.
Görkəmli şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunu,azadlıq, müstəqillik duyğularını formalaşdırdı.
Qeyd etmək lazımdır ki, ölkədə hakimiyyət böhranı artıq 1993-cü ilin iyununda kulminasiya həddinə çatmışdı. Xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı sarsıdırdı. Bütün bunlar isə həmin dövrdə dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət verə bilməyən şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Azərbaycan torpaqlarının ard-arda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu göz önündə idi. Belə bir vəziyyət ölkəni xilas edə biləcək liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idiki, ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalq dahi liderin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətini bəyan edirdi.
Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi növbəti dəfə qarşılaşacağı daha ağır hadisələrdən, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu. Xalq öz lideri ilə birgə böyük qurtuluşa doğru mühüm addım atdı. Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı. Dahi şəxsiyyət ölkədə milli dövlətçilik yaratmağın mümkünlüyünü öz siyasəti ilə sübut etdi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürmüşdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin son dərəcə vacib olduğunu daim önə çəkirdi. Beləliklə, Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il sanki çıxılmaz biryol ayrıcında qalmış Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qüdrətli bir dövlətə çevrildi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudula bilməzdi. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək,xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Dahi şəxsiyyətin ölkə Prezidenti seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Heydər Əliyevin seçkilərdə böyük üstünlüklə qələbə qazanması xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı əmin idi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək yeganə lider Heydər Əliyev ola bilər. Beləliklə, Ümummilli Lider xalqımız tərəfindən yekdilliklə ölkə Prezidenti seçildi.
Milli dövlətçiliyimizin konsepsiyasını Ulu Öndər yaratdı. Uzaqgörən siyasəti nəticəsində bütün maneələri aşaraq qısa müddətdə ölkədə sabitliyin bərpa olunmasına nail oldu. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində qarşıda duran problemlər mərhələlərlə həll olunurdu. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalq həmrəyliyi, milli birlik təmin edildi. Ölkəmiz sivil dünyaya inteqrasiya prosesinə qoşulmasında böyük addımlar atıldı.
Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında atəşkəs əldə edildi. Atəşkəsin elan olunması xalqımız üçün böyük həyati əhəmiyyət kəsb edirdi. Məhz bundan sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Beynəlxalq aləmdə artan inam və maraq 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”ninimzalanması və onun gerçəkləşməsinə gətirib çıxarmış oldu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan bu layihə müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal əhəmiyyətli layihələrin iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu Öndərin həyati əhəmiyyətli saysız nailiyyətləri Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addımı buna yönəlmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ciilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da, ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Məlumdur ki, ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Bununla yanaşı ötən illər ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan daha da qüdrətləndi.
Tarixi nəzərdən keçirərkən əminliklə deyə bilərik ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın davamlı inkişaf edən, beynəlxalq aləmdə nüfuzu gündən-günə artan dövlətinə çevrilib, böyük uğurlara imza atılıb. Ölkəmiz eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən amillərdəndir. Qürurla deyə bilərik ki, Azərbaycan şanlı tarixininin qüdrətli dövrünü yaşayır. Danılmaz faktdır ki, Azərbaycanın iştirakı olmadan regionda iri enerji layihələrinin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan region ölkələri arasında böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktordur.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunur. Bu gün dahi liderin arzuları reallaşdı. Azərbaycan öz tarixi tor paqlarına qovuşdu.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın məğlubedilməz Rəşadətli Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə hərəkətə keçdi. Zəfərlə başa çatan 44 günlük hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi. İşğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı. 28 illik həsrətdən sonra Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. Xalqımıza Qələbə sevincini yaşatdı. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.
İşğalçıların on illər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti böyük işlər görür. Şuşa şəhəri 2021-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla ölkənin mədəniyyət paytaxtı elan edildi. “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı bərpa olundu. Uzun illər sonra Cıdır düzündə muğam sədaları yüksəldi. Məscidlərimizdə azan səsləri eşidildi.
15 İyun-Milli Qurtuluş Günü 1997-ci ildən etibarən rəsmi bayram olaraq qeyd olunur. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir.
Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və ölkənin gələcək inkişafı üçün mühüm mərhələ hesab olunur. Məhz bu tarixdən sonra ölkədə ictimai-siyasi sabitlik yaradıldı, iqtisadi islahatlara başlanıldı və Azərbaycanın beynəlxalq nüfuzu artdı.
Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü böyük hörmət və ehtiramla qeyd edir. 15 İyun bizə birlik, həmrəylik və vətən sevgisinin əhəmiyyətini bir daha xatırladır. Bu əlamətdar tarix dövlətçiliyimizin qorunmasının və müstəqilliyimizin möhkəmlənməsinin rəmzidir.
Qurtuluş Günü hər bir azərbaycanlı üçün yalnız tarixi hadisə deyil, həm də gələcəyə inam, sabitlik və inkişafın simvoludur. Bu günün əhəmiyyətini dərk etmək və onu gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Məhsəti Məmmədova
“H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi)
ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini
08:45 12.06.2026
Oxunuş sayı: 133