Maaş fərqlərinin pərdəarxası: Niyə eyni işə görə fərqli maaş alırıq?
Bərabər dəyərli işə görə bərabər əmək haqqı prinsipi müasir əmək bazarının ən mühüm ədalət meyarlarından biri hesab olunur. Bu prinsipin əsas məqsədi işçilər arasında ayrı-seçkiliyin qarşısını almaq və hər kəsə eyni şəraitdə ədalətli yanaşmanı təmin etməkdir. Eyni vəzifədə çalışan, eyni bilik və bacarıqlara malik şəxslərin fərqli əmək haqqı alması əmək bazarında balansın pozulmasına səbəb ola bilər. Buna görə də əmək haqqının müəyyənləşdirilməsində obyektiv meyarlar — təhsil səviyyəsi, peşə təcrübəsi, işin mürəkkəbliyi və məsuliyyət dərəcəsi əsas götürülməlidir. Bu yanaşma həm sosial ədalətin təmin olunmasına, həm də daha şəffaf və sağlam əmək münasibətlərinin formalaşmasına xidmət edir.

Mövzu ilə bağlı psixoloq Aynur İskəndərova Crossmedia.az-a bildirib ki, işçilərin motivasiyası birbaşa onların aldıqları əməkhaqqı ilə bağlıdır: “Əgər maaş fərqlərinin yaranma səbəbləri obyektiv şəkildə müəyyən edilərsə, bu, müsbət nəticələr verə bilər. Daha çox və səmərəli çalışan işçinin daha yüksək maaş alması digər işçilər üçün də motivasiyaedici amilə çevrilir və onların işə yanaşmasına müsbət təsir göstərir”.
Psixoloqun sözlərinə görə, qiymətləndirmə meyarları düzgün müəyyən edilmədikdə isə əks nəticə ortaya çıxır: “Əgər maaş fərqləri obyektiv əsaslara söykənməzsə və ya qeyri-formal münasibətlər — məsələn, qohumluq əlaqələri əsasında qərarlar verilərsə, bu, həm yüksək maaş alanın, həm də digər işçilərin fəaliyyətinə mənfi təsir göstərir. Bütün işçilərin eyni məbləğdə əmək haqqı alması da mübahisəli məsələdir. Çox işləyənlə az işləyənin eyni maaş alması işçilərdə narazılıq yaradır. Bu zaman daha çox çalışan şəxs düşünür ki, əlavə səy göstərməyə ehtiyac yoxdur. Nəticədə onun motivasiyası azalır, işə məsuliyyəti zəifləyir və ümumi səmərəlilik aşağı düşür”.
O, vurğulayıb ki, əmək haqqı sistemi obyektiv meyarlara əsaslanmalıdır: “İşçilərin təhsili, iş təcrübəsi, əmək fəaliyyəti, əldə etdiyi nəticələr və mükafatlar nəzərə alınmaqla qiymətləndirmə aparılarsa və bu əsasda maaş fərqləri formalaşdırılarsa, bu, həm fərdi, həm də ümumi baxımdan faydalıdır. Belə yanaşma işçilərin motivasiyasını artırır və kollektivdə daha sağlam rəqabət mühiti yaradır”.

Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, əmək bazarında aparılan təhlillər məşğul əhalinin təxminən 48%-ni qadınların təşkil etdiyini göstərir və qadınlarla kişilər arasında əmək haqqı fərqləri tez-tez müzakirə olunur: “Bu fərqləri yalnız gender ayrı-seçkiliyi ilə izah etmək düzgün deyil. Bəzi hallarda bu, qadınların xeyrinə tətbiq olunan pozitiv diskriminasiya ilə bağlıdır. Müəyyən iş sahələri qadınlar üçün məhdudlaşdırılıb. Ziyanlı və ağır iş şəraiti olan sahələr qadınların reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər. Bu səbəbdən əvvəllər qadınlar üçün qadağan edilmiş peşələrin sayı 674 idi, lakin Nazirlər Kabinetinin qərarı ilə bu siyahı 204-ə endirilib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı qadınların da bu sahələrdə fəaliyyət göstərməsinə imkan yaradıb və yeni iş imkanları formalaşıb. Əməkhaqqı fərqləri daha çox işin xarakteri və çətinlik dərəcəsi ilə bağlıdır: “Adətən kişilər ağır və zərərli sənaye sahələrində çalışır, qadınlar isə daha yüngül və nisbətən təhlükəsiz sahələrə üstünlük verirlər. Bu da əmək haqqı fərqlərinin yaranmasına səbəb olur”.
Sosioloq vurğulayıb ki, bu yanaşma sistemli ayrı-seçkilikdən daha çox əmək şəraiti ilə əlaqədardır: “İşin çətinliyi və zərərli olması əməkhaqqına birbaşa təsir edir. Qadınlar üçün uyğun hesab edilməyən sahələrdə maaşlar daha yüksək olur. Bu səbəbdən kişilərlə müqayisədə qadınların orta əmək haqqında fərqlər müşahidə edilir. Zaman keçdikcə bu fərqlərin azalması gözlənilir: “Ümumilikdə hüquqi baza qadınların əmək bazarında iştirakını genişləndirir və bərabər imkanlar yaradır. Yeni texnologiyalar və dəyişən əmək şəraiti gələcəkdə bu fərqlərin tədricən aradan qalxmasına səbəb olacaq”.

İqtisadçı- ekspert Akif Nəsirli isə bildirib ki, eyni vəzifədə çalışan kişi və qadınlar arasında əməkhaqqı fərqlərinin iqtisadi izahları adətən bir neçə amillə əlaqələndirilir: “İş təcrübəsində fasilələr, xüsusilə qadınların uşaq baxımı ilə bağlı əmək bazarından müvəqqəti uzaqlaşması onların karyera inkişaf tempinə və gəlirlərinə təsir edə bilir. Bundan əlavə, bəzi sahələr üzrə peşə seçimi fərqləri, qeyri-rəsmi sektorun payı və rəhbər vəzifələrə çıxış imkanlarının məhdudluğu da əmək haqqı fərqlərini artıran faktorlar kimi göstərilir. İşəgötürənlər tərəfindən risklərin fərqli qiymətləndirilməsi və ya məhsuldarlıqla bağlı stereotiplər də bu fərqlərin iqtisadi əsaslandırılması kimi təqdim olunur, baxmayaraq ki, bu yanaşmalar hər zaman obyektiv olmur”.
Ekspert qeyd edib ki, digər tərəfdən bu fərqlərin əhəmiyyətli hissəsi bazar uğursuzluqları və institusional problemlərlə bağlıdır: “Məlumatın qeyri-bərabərliyi, şəffaflığın zəifliyi və danışıqlar gücündə fərqlər nəticəsində qadınlar eyni iş üçün daha aşağı əmək haqqı ilə razılaşmağa məcbur qala bilirlər. Bu isə effektiv əmək bölgüsünü pozur və ümumi iqtisadi səmərəliliyi azaldır. Bərabər dəyərli iş prinsipinin tətbiqi uzunmüddətli perspektivdə əmək bazarında daha səmərəli resurs bölgüsünə səbəb ola bilər: “İnsan kapitalından daha düzgün istifadə olunar, motivasiya və məhsuldarlıq artar, işçi dövriyyəsi azalar. Eyni zamanda bu yanaşma qadınların əmək bazarında iştirakını genişləndirə və ümumi iqtisadi artıma müsbət təsir göstərə bilər”.
İqtisadçı əlavə edib ki, bununla yanaşı, qısa müddətdə bəzi işəgötürənlər üçün xərclərin artması və uyğunlaşma çətinlikləri yarana bilər: “Amma uzunmüddətli baxışda daha ədalətli və şəffaf əmək bazarı həm sosial rifahı, həm də iqtisadi dayanıqlığı gücləndirir”.
Mehriban Yariyeva
18:25 11.04.2026
Oxunuş sayı: 96