Təhsil kreditləri genişlənir - bu sistem nə qədər effektivdir?
Azərbaycanda ali təhsilə əlçatanlığın artırılması və tələbələrin maliyyə yükünün azaldılması istiqamətində həyata keçirilən tədbirlər mühüm nəticələr verməkdədir. Bu çərçivədə tətbiq olunan təhsil tələbə kreditləri sistemi minlərlə gəncin təhsilini davam etdirməsinə və gələcək peşəkar inkişafına dəstək göstərir.
Təhsil Tələbə Krediti Fondu tərəfindən indiyədək 79 mindən çox kredit müqaviləsinin rəsmiləşdirildiyi bildirilir. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qeyd edib ki, bu məqsədlə ümumilikdə 74 milyon manatdan artıq vəsait ayrılıb və kreditdən yararlananların 63 faizini qadınlar təşkil edir. Bu göstəricilər təhsil sahəsində gender balansının qorunması və gənclərin sosial müdafiəsinin gücləndirilməsi baxımından da əhəmiyyətli hesab olunur.
Məsələ ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Maqistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycanda Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ildən-ilə genişlənməkdə davam edir və bu, dövlətin təhsilin əlçatanlığının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin mühüm nəticələrindən biri kimi dəyərləndirilə bilər. Fond, təhsil almaq istəyən, lakin maddi imkanları məhdud olan gənclərə dəstək göstərərək onların ali təhsilə çıxış imkanlarını artırır.
2026-cı ilin aprel ayına olan son statistik məlumatlara əsasən, bu sahəyə ayrılan vəsaitlərin həcmi 74 milyon manatı keçmişdir. Bu rəqəm təhsil kreditlərinə marağın və bu mexanizmin getdikcə daha geniş miqyas aldığının göstəricisidir. Müqavilələrin sayında da davamlı artım müşahidə olunur ki, bu da fondun fəaliyyətinin real nəticələr verdiyini təsdiqləyir.
Mən bir müddət əvvəl Təhsil Tələbə Krediti Fondunun təşkil etdiyi hesabat tədbirində iştirak etdim və qeyd etməliyəm ki, burada peşəkar və dinamik bir komanda formalaşıb. Bu da fondun fəaliyyətinin daha effektiv təşkilinə mühüm töhfə verir.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, kredit alanların əhəmiyyətli hissəsini xanım tələbələr təşkil edir. Bu isə həm də təhsil kreditlərinə çıxışda gender bərabərliyinin təmin olunması baxımından müsbət göstərici hesab olunur.
Eyni zamanda, kreditlərin əsas hissəsi bakalavriat səviyyəsində təhsil alan tələbələrə yönəlir, daha sonra isə magistratura pilləsində oxuyanlar gəlir.
Fond tərəfindən təqdim olunan kreditlər iki əsas növə bölünür: sosial və standart kreditlər. Sosial kreditlər əsasən həssas sosial qruplara aid tələbələrə yönəldilir və daha aşağı faiz şərtləri ilə təqdim olunur.
Standart kreditlər isə tələbələrin akademik göstəricilərinə əsasən verilir və həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil alan tələbələri əhatə edir. Bu yanaşma tələbələri daha yaxşı oxumağa və yüksək akademik nəticələr əldə etməyə motivasiya edir.
Digər mühüm məqamlardan biri də müraciət prosesinin tam elektronlaşdırılmasıdır. Bu, həm paytaxtda, həm də regionlarda yaşayan tələbələr üçün prosesi daha əlçatan və operativ edir, vaxt və məsafə məhdudiyyətlərini aradan qaldırır.
Ümumilikdə, vəsaitlərin artırılması və şərtlərin xüsusilə sosial həssas qruplar üçün daha da yumşaldılması təhsilin maliyyə əlçatanlığını real şəkildə gücləndirir. Bu mexanizm tələbələrdən yalnız bir əsas tələb qoyur: yüksək akademik göstəricilərə sahib olmaq və təhsilə ciddi yanaşmaq.
Nəticə etibarilə, bu təşəbbüs ölkəmizdə təhsil sahəsində son illərin ən mühüm və uğurlu addımlarından biri kimi qiymətləndirilə bilər. Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti həm gənclərin təhsil imkanlarının genişlənməsinə, həm də insan kapitalının inkişafına mühüm töhfə verir və gələcəkdə daha da genişlənəcəyi gözlənilir".
Elmir Heydərli
15:23 11.04.2026
Oxunuş sayı: 78