Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 %), həcm baxımından isə 1 433 ton (0,2 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ixrac gəlirlərinin 2,9 %-ni təşkil edib.
Yanvar-avqust aylarında Azərbaycan həmçinin 205,1 milyon ABŞ dolları dəyərində 223 min 127,8 ton meyvə-tərəvəz idxal edib.
Bu isə ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 2,2 milyon (1,1 %) çox, həcm baxımından 33,9 min ton (13,2 %) azdır.
Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın idxal xərclərinin 1,8 %-ni təşkil edib.
8 ayda Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.
15:47 22.09.2026
Oxunuş sayı: 42