Xəzər həyacan təbili çalır - Ekosistem məhv olur
Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı regional fəaliyyət planının hazırlanması gündəmə gəlib. Məsələ artıq bir ildən çoxdur ki, sahilyanı ölkələrin regional görüşlərində müzakirə olunur. İranın təşəbbüsü ilə hazırlanan fəaliyyət planı Tehran Konvensiyasının üzv ölkələri arasında koordinasiyalı əməkdaşlığı nəzərdə tutur və təklif hazırda texniki baxımdan araşdırılır. Xəzərdə su səviyyəsinin azalmasının ekosistemə və sahilyanı ərazilərə mümkün təsirləri fonunda problemin regional səviyyədə həlli istiqamətində əməkdaşlığın əhəmiyyəti artır.
Mövzu ilə bağlı ekoloq Cavid Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalması ekoloji və iqtisadi baxımdan ciddi nəticələrə səbəb ola bilər:
“Son 30 il ərzində Xəzər dənizinin səviyyəsi 2.5 metrdən çox, təkcə son bir neçə ildə isə təxminən 1 metr aşağı düşüb. Xəzərin dib relyefinin xüsusilə şimal və şərq hissələrində, həmçinin Azərbaycanın bəzi sahil zonalarında dayaz (maili) olması suyun şaquli istiqamətdə cəzi azalmasının sahildə kilometrlərlə qurunun üzə çıxması ilə nəticələnməsinə səbəb olur. Hökumətlərarası İqlim Dəyişikliyi Paneli (IPCC) və beynəlxalq hidroloqların riyazi modellərinə görə, əsrin sonuna qədər dəniz səviyyəsinin daha 5 metrdən 18 metrə qədər azalması riski mövcuddur. Bu isə Xəzərin şimal hissəsinin tamamilə yox olması və ümumi su səthinin 30%-dən çox kiçilməsi deməkdir. Dənizin geri çəkilməsi ilk növbədə regionun unikal ekosisteminə təsir edəcək. Belə ki, dayaz sahilyanı laqunların və qamışlıqların quruması, köçəri quşların və endemik Xəzər suitilərinin yaşayış, çoxalma sahələrini məhdudlaşdıracaq, Xəzər nərəsinin və digər sənaye əhəmiyyətli balıq növlərinin kürüləmə şəraitini dəyişdirəcək, bəzi təxminlərə görə suyun daha 5 metr azalması suitilərin çoxalma areallarının 80%-dən çoxunun tamamilə yox olmasına gətirib çıxaracaq. Həmçinin, Xəzərin səviyyə dəyişmələri Azərbaycanın qeyri-neft sektorunun iki mühüm qoluna — turizm və balıqçılığa birbaşa təsir edə bilər. Abşeron yarımadasında, Nabran və Lənkəran zonalarında vaxtilə birbaşa dəniz kənarında inşa edilmiş otellər, çimərliklər və rekreasiya mərkəzləri bu gün sudan yüzlərlə metr uzaq düşüb. Estetik görüntünün korlanması, yeni yaranan bataqlıqlaşmış qurular sahil turizminin cəlbediciliyini azaldır. Bakı Bulvarında suyun geri çəkilməsi isə şəhərin vizual simasını dəyişir.
Xəzər təkcə ekoloji subyekt deyil, həm də qlobal logistika və enerji marşrutudur. Səviyyənin düşməsi regional maraqlara ciddi təhdidlər yaradır:
Ekoloq qeyd edib ki, Bakı (Ələt), Aktau (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) limanlarında dənizin dayazlaşması iritonnajlı bərə və konteyner gəmilərinin tam yüklə hərəkətini məhdudlaşdırır:
“Azərbaycan bu problemi həll etmək və naviqasiyanı saxlamaq üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında böyük büdcə tələb edən dibdərinləşdirmə (dredging) işlərinə başlamaq məcburiyyətində qalmışdır.
Dəniz neft və qaz platformalarına xidmət edən gəmilərin hərəkəti çətinləşir. Suyun səviyyəsinin kəskin düşməsi bəzi sualtı boru kəmərlərinin və infrastruktur elementlərinin üstünün açılmasına və ekoloji qəza risklərinin artmasına səbəb olur.
Ölkəmiz məsələnin ciddiliyini qəbul edərək, beynəlxalq iqlim konfranslarında və regional görüşlərdə Xəzərin xilasını prioritet mövzuya çevirmişdir. Lakin bu problem yalnız bir ölkənin səyləri ilə həll oluna bilməz. Xəzəryanı dölkələr su ehtiyatlarının (xüsusilə Xəzəri qidalandıran Volqa, Kür, Ural, Terek, Sulak, Samur, Səfidrud və Atrek çaylarının) idarə edilməsində, dibdərinləşdirmə işlərinin koordinasiyasında və vahid ekoloji monitorinq sisteminin qurulmasında təcili və ortaq addımlar atmalıdırlar.”
Nuray Mehtiyeva
16:15 22.09.2026
Oxunuş sayı: 39