İntensiv yağışların yaratdığı vəziyyətlə bağlı xüsusi əməliyyat qərargahı qurulub
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.
Crossmedia.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, qərardaga Agentliyin sədri Zaur Mikayılov rəhbərlik edir. O, bu gün Bakının Xətai rayonunun Rəşid Bağırov küçəsində - izafi yüklənmə nəticəsində kollektorda qəza baş vermiş ərazidə olub, suyun kənarlaşdırılması ilə bağlı işin sürətləndirilməsi istiqamətində tapşırıqlarını verib.
ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun 9 metr dərinlikdə olan qəzalı hissəsinin üzərindən torpaq qatını götürüb, təmir-bərpa işləri həyata keçirir.
Həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.
Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.
16:52 08.04.2026
Oxunuş sayı: 227