Neftin yüksəlişi və büdcənin strategiyası - Azərbaycan nə etməlidir?
Qlobal enerji bazarında baş verən son dalğalanmalar Azərbaycan neftinin qiymətini 121 dollar həddini aşmağa gətirib çıxarıb. Bu artım ilk baxışdan iqtisadi baxımdan cəlbedici görünsə də, onun arxasında duran əsas səbəblər – geosiyasi gərginliklər, regional münaqişələr və təchizat zəncirində yaranan qeyri-müəyyənliklər – qiymətlərin davamlılığı ilə bağlı suallar doğurur.
Tarix göstərir ki, bu cür kəskin bahalaşmalar çox zaman müvəqqəti xarakter daşıyır və münaqişələrin səngiməsi ilə bazarda tarazlıq bərpa olunur.
Bu kontekstdə əsas sual ortaya çıxır: mövcud artım sabit iqtisadi trendin başlanğıcıdır, yoxsa münaqişələrin bitməsi ilə sürətli enişlə əvəzlənəcək keçici bir mərhələdir?
Eyni zamanda, belə dalğalanmalar fonunda Azərbaycanın enerji siyasəti necə tənzimlənməli, gəlirlər necə daha dayanıqlı və strateji şəkildə idarə olunmalıdır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Gündüz Camalov Crossmedia.az-a açıqlama verib:
"Dünya bazarında “Azeri Light” markalı neftin 120 ABŞ dollarından yuxarı qalxması əsasən Orta Şərqdə artan geosiyasi gərginliklərlə bağlıdır və bu artımın davamlı olub-olmayacağı münaqişənin gedişindən asılıdır. Hazırda müvafiq bazarda əsas risk faktoru İran ətrafında eskalasiya və xüsusilə, dünya neftinin təxminən 20%-nin keçdiyi Hörmüz boğazında təchizat zəncirinin lojistik hissəsinin pozulmasıdır.
Sözügedən marşrut bağlanarsa gündəlik təxminən 20 milyon barel neft ixracı risk altına düşür və müvafiq məhsulların qiymətində təzyiq yaranır.
Hörmüz boğazı ilə ixrac edilən neft və neft məhsullarının böyük hissəsi Çin, Hindistan və Yaponiya kimi Asiya iqtisadiyyatına yönəldiyi üçün müvafiq bazarda qiymət artımı qlobal xarakter daşıyır.
İran ilə ABŞ-İsrail münaqişəsi davam edərsə, müvafiq bazarda bir sıra risklər fonunda qiymət artımı davam etməsi gözlənilir. Əksinə, hərbi gərginlik azalarsa, razılaşma fonunda logistik əngəllər aradan qalxacaq, neft ixracı normallaşacaq və qiymətlərin mərhələli enişi mümkündür ki, bu da müəyyən vaxt tələb edir".
Ekspert qeyd edib ki, Azərbaycan üçün bu vəziyyət qısamüddətli fiskal üstünlük yaradır:
"Çünki dövlət büdcəsində baza neft qiyməti daha aşağı götürüldüyündən, 120 ABŞ dolları civarında qiymətlər əlavə fiskal imkanlar yaradır. Dövlət Neft Fondunda yığımların artması, sosial və infrastruktur xərclərinin maliyyələşməsi üçün imkan yaradır.
Digər tərəfdən, artan qiymət tendensiyası uzunmüddətli sabitlik demək deyil. Münaqişə bitdikdən sonra neftin qiymətinin kəskin enməsi, büdcə gəlirlərində azalma riski yarada bilər. Buna görə iqtisadi siyasət fors-major vəziyyətlərdə alternativ ssenarilərə hazır olmaq zərurəti yaradır.
Azərbaycan iqtisadiyyatının strukturunda neft sektorunun hələ də aparıcı mövqedə olması qiymət dalğalanmalarına daha həssas edir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi və büdcə yükünün azaldılması cari vəziyyətdə hökumətin üzərində çalışdığı əsas məsələlərdən biridir.
Neftin qiymətində hər 10 ABŞ dollarlıq dəyişmə büdcə və ixrac gəlirlərinə makroiqtisadi əhəmiyyətli təsir edir. Qiymət artımı investisiya imkanlarını genişləndirir, eniş isə fiskal tənzimləmə tələb edir.
Nəticə etibarilə, hazırkı neft məhsullarının bahalaşması daha çox geosiyasi xarakterlidir və münaqişə bitdikdən sonra eniş ehtimalı yüksəkdir.
Eyni zamanda, son dönəmlərdə SOCAR-ın bir sıra investisiyaları, dünya bazarında qlobal iştirakçılığı, müxtəlif ölkələrdə neft və neft məhsullarının təchizat zəncirlərində alqı-satqı əməliyyatlarından əldə edilən vəsaitlər dövlət büdcsinə əlavə daxilolma imkanların artırmaqdadır.
Azərbaycan üçün optimal strategiya əlavə gəlirləri ehtiyatlara yönəltmək, qeyri-neft sektorununun inkişafını sürətləndirmək və büdcəni baza qiymət ssenarisi əsasında planlaşdırmaqdır. Bu halda həm yüksək qiymətlərdən faydalanmaq, həm də mümkün enişlərin təsirini minimuma endirmək mümkün olacaq".
Ayhan
17:55 28.03.2026
Oxunuş sayı: 48