Neftdən gündəlik 20 milyon dollar gəlir var? - Azərbaycanın enerji bonusları və riskləri
Qlobal enerji bazarlarında baş verən son dəyişikliklər neft qiymətlərinin dinamikasında yeni mərhələnin formalaşdığını göstərir.
Xüsusilə, geosiyasi gərginliklər, təklif və tələbat balansındakı dəyişikliklər, eləcə də logistika və ixrac marşrutlarına təsir edən amillər neftin qiymətinə birbaşa təsir edir və bu təsirlər həm istehsalçı, həm də istehlakçı ölkələrin iqtisadiyyatında mühüm rol oynayır.
Bu kontekstdə Azərbaycan neftinin dünya bazarındakı mövqeyi və onun qiymət dinamikası xüsusi diqqət mərkəzindədir. “Azeri Light” markalı neftin qiymətində baş verən dəyişikliklər təkcə enerji sektoruna deyil, eyni zamanda dövlət büdcəsi, ixrac gəlirləri və ümumi makroiqtisadi sabitliyə də əhəmiyyətli təsir göstərir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İlk növbədə qeyd etmək lazımdır ki, neftin qiyməti müharibədən əvvəl də davamlı olaraq dəyişkən xarakter daşıyırdı. Hazırkı konyunktura isə ümumilikdə hökumət üçün kifayət qədər əlverişli hesab edilə bilər.
Müəyyən dövrlərdə qiymət azalması müşahidə olunsa da, ümumi strategiya – həm monetar, həm fiskal, həm də enerji siyasəti – uzunmüddətli perspektivdə qiymət dinamikası, eləcə də geosiyasi, iqtisadi və sosial amillər nəzərə alınmaqla formalaşdırılır.
Bu baxımdan, qısamüddətli qiymət dalğalanmalarının ümumi strategiyaya birbaşa təsiri yoxdur.
Qeyd olunmalıdır ki, Azərbaycan hökuməti 2026-cı il üçün neftin bir barelinin qiymətini 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırmışdır.
Hazırda isə neft bundan təxminən 45 dollar daha yüksək qiymətə satılır. Hesablamalara əsasən, neftin bir barelinin qiymətində hər 1 dollar artım ölkəyə gündəlik təxminən 450-500 min ABŞ dolları əlavə gəlir gətirir.
Bu fərqi nəzərə aldıqda, gündəlik əlavə gəlirin 20-25 milyon dollara, aylıq təxminən 700 milyon dollara, illik isə davamlılıq halında 6-7 milyard dollara qədər çatması mümkündür. Bu isə geniş maliyyə imkanları yaradır.
Bununla belə, qısamüddətli qiymət azalmasının ümumi iqtisadi mənzərəyə ciddi təsiri yoxdur. Təbii ki, qiymət azaldıqda neft gəlirləri azalır, artdıqda isə yüksəlir. Praktika göstərir ki, neft gəlirlərinin artması islahatlara marağı zəiflədə, azalması isə islahatlara daha çevik və loyal yanaşmanı stimullaşdıra bilər.
Müharibənin təsirlərinə gəldikdə isə, bu amil qısa müddətdə müəyyən əlavə gəlir imkanları yaratsa da, orta və uzunmüddətli dövrdə ciddi sosial-iqtisadi problemlərə səbəb ola bilər. Artıq qiymət artımları müşahidə olunur və ölkə idxal olunan inflyasiya ilə üzləşməkdədir. Xüsusilə, idxal kanalları vasitəsilə inflyasiya təzyiqlərinin güclənməsi ehtimalı yüksəkdir.
Qiymətlərin artması əhalinin daha yüksək xərclərlə üzləşməsinə, alıcılıq qabiliyyətinin zəifləməsinə, nəticədə isə istehlakın və məcmu tələbin azalmasına gətirib çıxara bilər. Bu proses eyni zamanda məşğulluq səviyyəsinə də mənfi təsir göstərə bilər.
Digər tərəfdən, regionda geosiyasi vəziyyətin gərginləşməsi Azərbaycan hökumətini hərbi xərcləri artırmağa vadar edə bilər ki, bu da əlavə fiskal yük deməkdir.
Eyni zamanda, İranla ticarət əlaqələrinin daralması ehtimalı da yüksəkdir. İranın ixrac məhdudiyyətləri tətbiq etməsi Azərbaycanın idxal imkanlarına birbaşa təsir göstərə bilər.
Nəzərə almaq lazımdır ki, İran Azərbaycan üçün mühüm idxal tərəfdaşlarından biridir və bu ölkədən gətirilən məhsullar xüsusilə, aşağı və orta gəlirli əhali üçün daha əlçatan qiymətlərlə təmin edilirdi.
Bu məhsulların bazarda azalması alternativ mənbələrdən idxalı zəruri edəcək ki, bu da daha yüksək qiymətlərlə müşayiət olunacaq. Nəticə etibarilə, müharibə orta və uzunmüddətli dövrdə ciddi sosial-iqtisadi çağırışlar formalaşdırmaq potensialına malikdir".
Elmir Heydərli
12:40 28.03.2026
Oxunuş sayı: 55