Kim bilir, sabah gələcəkmi?
Həyat - səssiz işləyən bir saatdır. Onun əqrəbləri səs çıxarmır, amma saniyələr amansızlıqla keçir... və heç vaxt geri qayıtmır. Biz isə o saatın içində yaşayırıq - işlərin, qayğıların, yarımçıq planların, sabahın aldadıcı vədlərinin arasında.
Elə bilirik ki, zaman çoxdur. Elə bilirik ki, hər günün sabahı var. Amma “sabah” bəzən heç gəlmir. İnsan sevir, amma bəzən bunu deməyə aciz qalır, deyə bilmir. Sanki o sözləri dilə gətirsək, həyat birdən çox həqiqi, çox kövrək olacaq. Sanki sevgi etirafı ilə itki qorxusu da doğulacaq.
Kolumbiyalı yazıçı Qabriel Qarsia Markes bu həqiqəti bir cümləyə sığdırmışdı:
“Sevdiklərinizə onları sevdiyinizi vaxtında deyin, çünki sonra hər şey üçün çox gec ola bilər”.
Bu, sadəcə bir fikir deyil. Bu, insan varlığının içindən gələn səssiz bir fəryaddır. Biz çox şeyi səhv anlayırıq; elə bilirik ki, sevgi zamanın içindədir. Amma əslində zaman sevginin içindədir. Vaxtı itirdikcə sevgini yox etmirik, biz özümüzü itiririk.
Bir neçə gündür sosial şəbəkələri bir video zəbt edib. Pantomima aktrisası Arina Şilonun yarışmada hazırladığı “sənət həyatın qırdığı insanları təsəlli edər” adlı səhnəcik juri iştirakçıları və izləyicilərin marağına səbəb olmaqla yanaşı, sosial şəbəkələrdə də böyük marağa səbəb olub, yüz minlərlə bəyəni toplayıb. Axı niyə sadə bir səhnəcik milyonlarla insana təsir edib, bu qədər yayılıb?
Səhnəcik belədir: Səhnədə bir qız... və onun qucağında bir maket. O maket sadəcə bir obyekt deyil. O, qızın itirdiyi, amma buraxa bilmədiyi sevgidir. Onun boşluqlarını dolduran, susqunluğunu anlayan, həyatına yenidən nəfəs verən bir kölgə. Qız onunla yaşayır, ona sarılır, onunla gülür, onunla ağlayır. Qız üçün həyat sanki yenidən başlayır. Sanki ölüm belə o sevgini ala bilməz.
Bəs sonra? Maket yox olur. Səssizcə. Birdən. Qəfil. Bir an əvvəl qucağında olan dünya, bir andaca boşluğa çevrilir. Və o an qız artıq rəqs etmir. O an qız sadəcə itirir. Zaldakı hər kəs susur. Çünki hər kəs səhnədə öz həyatından bir fraqment görür. Çünki o maket — bizlərik. Bizim qucağımızda saxladığımız, amma vaxtında qucaqlamadığımız sevgilər.
Demək istədiyimiz, amma susduğumuz sözlər. Hiss etdiyimiz, amma yaşamadığımız anlar.
Niyə insan sevgini ancaq itirəndən sonra anlayırıq? Niyə “səni sevirəm” ürəyimizdən keçdiyi halda dilimizdə donub qalır? Çünki sevgi qorxudur. Sevgi insanın özünü tam şəkildə açmasıdır, və sevdiyini itirmək özünü itirmək deməkdir.
Amma bir həqiqəti xatırlamaqda da fayda var. Axı sevmədən yaşamaq da itirməkdir. Bəlkə də, daha səssiz, daha uzun, amma daha dərin bir itki.
Biz hər gün o qız kimi yaşayırıq. Qucağımızda görünməz “maketlər” daşıyırıq: bəzən anamız, bəzən sevdiyimiz insan, bəzən dostumuz, bəzən isə özümüz. Amma bir gün... o maket hərəkətsiz qalacaq. O zaman həyat gözümüzün önündən bir film lenti kimi keçəcək. Orada uğurlar yox, var-dövlət yox, şöhrət yox...
Sadəcə bunlar olacaq: deyilməmiş “səni sevirəm”lər, tutulmamış əllər, görülməmiş baxışlar. Və sonda yalnız bir sözlə baş-başa qalacağıq - Kaşki.
O “kaşki” insanın içində ən ağır yükdür. Onu nə zaman silir, nə də kimsə unutdurur. Ona görə sevgini ölçmə. Onu saxlamа. Onu gecikdirmə. Sevgi ya var, ya da yoxdur.
Kim bilir ki, sabah olacaqmı?
Vaxt isə dayanmayacaq. O səssiz saat işləməyə davam edir. Sevgi vaxtın içində deyil. Sevgi vaxtı dayandıran yeganə həqiqətdir.
14:12 24.03.2026
Oxunuş sayı: 74