Bu dondurmaları tez-tez yeməyin - ekspertdən xəbərdarlıq
Son günlər “A Klass” əmtəə nişanlı “Bakı Bulvarı” dondurmalarının tərkibi ilə bağlı yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub.
Məhsulun qablaşdırması üzərində qeyd edilən tərkib siyahısında içməli su, üzlü və üzsüz quru süd, qatılaşdırılmış süd, şəkər tozu, kərə yağı, təbii aromatlar və kakao ilə yanaşı, 6 fərqli stabilizator-emulqatorun — E471, E433, E466, E410, E412 və E407 qida əlavələrinin istifadə olunduğu göstərilir.
Mütəxəssislər bildirirlər ki, bu tip əlavələrin qida sənayesində istifadəsi texnoloji baxımdan mümkün və müəyyən normativlər çərçivəsində icazəli hesab olunsa da, bir məhsulun tərkibində eyni anda bu qədər fərqli “E-kod”un yer alması onun yüksək emal olunmuş — ultra-prosessləşdirilmiş məhsul olduğunu göstərir.
Xüsusilə, uşaqlar və yeniyetmələr tərəfindən geniş istehlak olunan dondurma məhsullarında bu cür əlavələrin uzunmüddətli təsiri ilə bağlı narahatlıqlar artır.
Bəs bir dondurmanın tərkibində 6 fərqli qida əlavəsinin birlikdə istifadəsi qida təhlükəsizliyi baxımından nə dərəcədə doğrudur və bu kombinasiya insan orqanizmində hansı fəsadlara yol aça bilər?
Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov Crossmedia.az-a açıqlama verib:

“Son zamanlar xəbərlərdə, sosial şəbəkələrdə və müxtəlif informasiya vasitələrində dondurmaların tərkibi ilə bağlı müzakirələr geniş yer alır. Xüsusilə də içməli su, üzlü və üzsüz quru süd, qatılaşdırılmış süd, şəkər tozu, kərə yağı, təbii aromatlar, kakao və “E” kodları altında göstərilən 6 fərqli stabilizator və emulqatordan istifadə məsələsi diqqət çəkir.
Bu maddələrin dondurmanın tərkibində mövcudluğu və bir məhsulda eyni anda bu qədər qida əlavəsinin istifadəsi qida təhlükəsizliyi baxımından müəyyən suallar yaradır.
Ümumiyyətlə, texnoloji baxımdan dondurmanın tərkibində bir neçə stabilizator və emulqatorun istifadəsi mümkündür. Bu maddələr məhsulun teksturasını qorumaq, əriməni gecikdirmək, kremvari quruluş yaratmaq və saxlanma müddətini artırmaq üçün tətbiq olunur.
Lakin qida təhlükəsizliyi baxımından belə məhsullar artıq yüksək emal olunmuş, yəni ultra-prosessləşdirilmiş qida kateqoriyasına daxil edilir və onların uzunmüddətli, müntəzəm istehlakı müəyyən sağlamlıq riskləri yarada bilər.
Tərkibdə istifadə olunan əsas əlavələr bunlardır:
E471 – mono və diqliseridlərdir. Bu maddələr emulqator funksiyası daşıyır və yağla suyun bir-birindən ayrılmasının qarşısını alır.
E433 (Polisorbat 80) – geniş istifadə olunan emulqatordur. Bəzi araşdırmalarda bağırsaq mikroflorasına təsir göstərə biləcəyi və immun sisteminə mənfi təsir yarada biləcəyi qeyd olunur.
E466 – karboksimetil sellüloza (CMC) kimi tanınır. Bu maddə qatılaşdırıcı və tekstura qoruyucu stabilizator funksiyası daşıyır.
E410 – keçibuynuzu qamı və ya “locust bean gum” kimi tanınır. Dondurmanın daha yumşaq və homogen struktur almasına kömək edir.
E412 – quar qamıdır. Su tutma qabiliyyətini artırır və məhsulun əriməsini ləngidir.
E407 (Karaginan) – dondurmanın viskozluğunu artıran stabilizatordur. Bəzi tədqiqatlarda bu maddənin bağırsaq sistemi üzərində mənfi təsirlər yarada biləcəyi iddia olunur”.
Ekspert əlavə edib ki, son illərdə aparılmış bəzi beynəlxalq araşdırmalarda müəyyən əlavələrin sağlamlıq riskləri ilə əlaqəsi müzakirə olunub:
“Xüsusilə, Fransada aparılan tədqiqatlarda E433 kimi bəzi emulqatorların yüksək miqdarda qəbulunun müxtəlif xəstəlik risklərini artırdığı qeyd edilir. E407 – karaginan barədə də bəzi elmi məqalələrdə uzunmüddətli istifadənin bağırsaq iltihabı, selikli qişanın zədələnməsi və həzm sistemi problemləri ilə əlaqələndirilə biləcəyi vurğulanır.
E466, E410 və E412 adətən beynəlxalq standartlara görə təhlükəsiz hesab olunsa da, həssas insanlarda mədə şişkinliyi, qaz, həzm pozuntuları və allergik reaksiyalar yarada bilər.
Xüsusilə, mədə-bağırsaq həssaslığı olan şəxslərə bu cür məhsulların müntəzəm istifadəsi tövsiyə edilmir. Bir məhsulun tərkibində 6 fərqli stabilizator və emulqatorun birlikdə olması onun ultra-prosessləşdirilmiş məhsul olduğunu göstərir.
Bu tip məhsulların davamlı istehlakı bağırsaq mikrobiotasının balansını poza, iltihabi prosesləri gücləndirə və metabolik problemlərə səbəb ola bilər.
Uşaq və yeniyetmələrdə isə belə məhsulların tez-tez istifadəsi piylənmə, allergik reaksiyalar və immun sisteminin zəifləməsi riskini artıra bilər.
Mütəxəssislər təhlükəsiz istehlak üçün daha təbii tərkibli və az qatqılı məhsulların seçilməsini tövsiyə edirlər. Tərkibində əsasən süd, şəkər, yumurta, kakao və təbii aromatlar olan məhsullar daha məqsədəuyğun hesab edilir.
Xüsusilə, E407 və E433 kimi əlavələr olan məhsulların davamlı deyil, daha nadir hallarda istehlakı məsləhət görülür. Uşaqlar üçün ev şəraitində hazırlanmış dondurmalar, həmçinin sertifikatlı və təbii tərkibli məhsullar daha uyğun seçim sayılır.
Çünki bu cür məhsullarda qatqı maddələrinin miqdarı minimum olur. Nəticə etibarilə, altı fərqli əlavənin birlikdə istifadəsi texnoloji baxımdan dondurmanın strukturunu sabitləşdirsə də, uzunmüddətli və davamlı istehlak zamanı bağırsaq, immun və endokrin sistemlər baxımından müəyyən risklər yarada bilər”.
Ayhan
11:50 15.05.2026
Oxunuş sayı: 42