Bakıda böyük forum önəsi qida yoxlamaları başladı
Bakıda 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində qida təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən genişmiqyaslı nəzarət və monitorinq tədbirləri həyata keçirilir.
Tədbirə hazırlıq mərhələsində forum iştirakçılarının yerləşdiriləcəyi hotellərin qida bloklarında yoxlamalar aparılıb, aşkar olunan nöqsanların aradan qaldırılması üçün obyektlərə icrası məcburi göstərişlər verilib və metodiki dəstək göstərilib.
Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində və hotellərin yaxınlığında fəaliyyət göstərən ictimai iaşə müəssisələri, iri ticarət mərkəzləri, eləcə də Bakı Olimpiya Stadionu ərazisində xidmət göstərəcək iaşə obyektləri nəzarətə cəlb olunub.
AQTA tədbir müddətində operativ və çevik nəticələrin əldə edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyasını da fəaliyyətə cəlb edəcək və məhsullar yerində müayinədən keçiriləcək.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan Crossmedia.az-a bildirilib ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyası zamanı iştirakçıların təhlükəsiz qida ilə təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət tədbirləri həyata keçirildiyi qeyd olunub:
"Tədbirə hazırlıq çərçivəsində qonaqların yerləşdiriləcəyi otellərin qida bloklarında qiymətləndirmələr aparılıb. Yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlarla bağlı obyektlərə icrası məcburi göstərişlər verilib və metodiki dəstək göstərilib. Təkrar qiymətləndirmələr nəticəsində nöqsanların aradan qaldırıldığı müəyyən edilib.
Bununla yanaşı, şəhər mərkəzində və otellərə yaxın ərazilərdə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində, eləcə də iri ticarət mərkəzlərində ümumilikdə 300-ə yaxın obyektdə monitorinq aparılıb. Həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Həmçinin Bakı Olimpiya Stadionu ərazisində fəaliyyət göstərəcək 2 keytrinq şirkəti və 28 ticarət və ictimai iaşə obyektində də mütəmadi nəzarət tədbirləri görülür və məhsulların tələblərə uyğunluğu qiymətləndirilir.
Bütün menyular, xammal və məhsullar Agentliklə razılaşdırılmaqla istifadə edilir. Etiketlərdə dolğun məlumatların əks etdirilməsi xüsusi diqqətdə saxlanılır. Daha operativ və çevik nəticələrin əldə olunması məqsədilə tədbir müddətində AQTA-nın tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək və məhsullar yerində müayinədən keçiriləcək.
Tədbir müddətində Agentliyin əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək".
Elmir Heydərli
13:50 15.05.2026
Oxunuş sayı: 45