Mənə cadu ediblər düşüncəsinin arxasında nə dayanır?
Bəzən insanlar həyatlarında baş verən dəyişiklikləri təssadüf kimi yox, daha fərqli səbəblərlə əlaqələndirirlər.
Elə hallar olur ki, insan heç bir səbəb olmadan özünü narahat hiss edir, işləri tərsinə gedir və daxilində qəribə bir ağırlıq yaranır. Bu zaman isə çoxları bunun sadəcə hal olmadığını, məhz cadu ilə bağlı olduğunu düşünür.
Cəmiyyətdə belə bir fikir də var ki, həqiqətən cadu olunan insan bunu hiss edir. Sanki daxili bir narahatlıq, səbəbsiz sıxıntı və izah olunmayan hallar insana bunu “anladır”.
Bu hissi yaşayanlar isə baş verənləri təsadüf kimi deyil, kənardan edilən təsir kimi qəbul edirlər. Bu mövzu ətrafında fərqli fikirlər olsa da, cadu anlayışı və onun hiss edilməsi ilə bağlı düşüncələr bu gün də insanlar arasında geniş yayılıb.
Mövzu ilə əlaqədar İlahiyyatçı Əkrəm Həsənov Crossmedia.az-a danışıb:
"Kənardan baxanda asan görünür, ama sehr olunmuş, özünə cadu olunmuş insan tərəfdən baxanda kənara bunu olduğu kimi izah edə bilmirsən. İslamda sehrin, cadunun varlığı tam inkar olunmur.

Qurani-Kərimdə açıq şəkildə buyurulur ki, insanlar sehr öyrənirdilər və bununla insanlar arasında ayrılıq salmağa çalışırdılar, lakin heç kim Allahın izni olmadan zərər verə bilməzdi (Bəqərə, 102).
Bu ayənin özü çox mühüm bir həqiqəti göstərir. Sehr müstəqil güc deyil. O, Allahın iradəsindən kənarda təsir edə bilməz. Yəni insanın qorxduğu kimi, hər hansı bir gizli qüvvə onun həyatını tam idarə edə bilməz.
Bu artıq dini baxımdan da, məntiq baxımından da əsaslı bir prinsipdir. Peyğəmbər (s.ə.s) dövründə də sehr məsələsi gündəmə gəlib. Səhih hədislərdə qeyd olunur ki, bir müddət Peyğəmbərə sehr təsiri olmuşdu və bu vəziyyətdə o, bəzi işləri etmədiyini etdiyi kimi zənn edirdi.
Daha sonra Allah ona Muəvvizətəyn, yəni Fələq və Nas surələrini nazil etdi və bununla o hal aradan qalxdı. Bu hadisəni İmam Buxari və İmam Müslim kimi alimlər rəvayət ediblər.
Klassik alimlər, məsələn, İmam Nəvəvi bu hədisi şərh edərkən bildirir ki, bu hal Peyğəmbərin vəhyinə təsir etməmiş, sadəcə insani tərəfi ilə bağlı olmuşdur. Buradan da çıxan nəticə odur ki, belə təsirlər olsa belə, insanın imanını, iradəsini və əsas həyat istiqamətini məhv edən bir güc deyil".
İlahiyyatçı insanların insanın cadu olunduğunu necə hiss etdiyi məsələsinə də toxunub:
"Bu mövzuda cəmiyyətdə çox ciddi qarışıqlıq var. Çünki bir çox psixoloji, nevroloji və ya sosial problemlər də tez-tez cadu kimi qəbul olunur. İnsan birdən-birə özünü halsız hiss edir, səbəbsiz qorxu keçirir, ailədə gərginlik artır, yuxu pozulur, diqqət dağılır. Bunlar bəzən sehrlə əlaqələndirilir.
Halbuki, müasir psixologiya və neyrobiologiya göstərir ki, bu hallar stress, depressiya, narahatlıq pozuntusu, hormonal dəyişikliklər və ya sosial təzyiqlərlə bağlı ola bilər.
Məsələn, davamlı stress insan beynində kortizol səviyyəsini artırır və bu da həm psixoloji, həm fiziki narahatlıqlara səbəb olur. İnsan isə bunun səbəbini bilmədiyi üçün onu mistik səbəblərlə izah etməyə başlayır. Klassik İslam alimləri də bu mövzuda çox ehtiyatlı olublar.
İbn Teymiyyə yazırdı ki, insanların çoxu öz xəstəliklərini və daxili problemlərini şeytani və ya sehr təsiri kimi yozur, halbuki bu, bəzən nəfsin, bəzən də bədənin zəifliyindən qaynaqlanır.
İmam Qəzali isə qeyd edirdi ki, insanın daxilində olan qorxu və vəsvəsə çox vaxt xarici səbəblərdən deyil, onun daxili düşüncə sistemindən doğur.
Yəni insanın cadu olunduğunu “hiss etməsi” əksər hallarda obyektiv bir ölçü deyil. Bu, daha çox subyektiv yaşantıdır. Əgər bu mövzuya elmi baxsaq, insan beyni qeyri-müəyyənliyi sevmir. O, baş verənləri izah etmək istəyir. İzah tapa bilməyəndə isə ən yaxın mədəni və dini izah modelinə müraciət edir.
Bizim cəmiyyətdə bu çox vaxt cadu anlayışı ilə əlaqələndirilir. Bununla yanaşı, dini mənbələr bizə bir çıxış yolu da göstərir. Quranda Allah buyurur ki, əgər sənə şeytandan bir vəsvəsə gələrsə, Allaha sığın (Əraf, 200). Peyğəmbər (s.ə.s) isə insanlara qorunma üçün konkret yollar öyrədib. Ayətül-Kürsini oxumaq, Fələq və Nas surələrini oxumaq, səhər və axşam zikrlərini davamlı etmək".
Ə.Həsənovun sözlərinə görə, bu, sadəcə mistik bir qorunma deyil. Müasir psixologiya baxımından da bu, insanın zehni sabitliyini artırır, qorxu səviyyəsini azaldır, insanın daxili güvən hissini gücləndirir:
"Yəni ibadət burada həm mənəvi, həm psixoloji qoruma rolunu oynayır.
Ən vacib məsələ budur ki, insan hər hiss etdiyi narahatlığı cadu ilə izah etməyə başlamamalıdır. Bu, həm dini baxımdan düzgün deyil, həm də insanı passiv vəziyyətə salır.
Çünki o zaman insan problemin real səbəbini axtarmır. Halbuki İslam bizə səbəblər aləmində yaşamağı öyrədir. Peyğəmbər (s.ə.s) buyurur ki, müalicə olun, çünki Allah hər dərdin dərmanını da yaradıb. Bu hədis göstərir ki, insan həm mənəvi, həm də maddi səbəblərə sarılmalıdır. Belə demək olar ki, sehr anlayışı İslamda mövcuddur, lakin onun təsiri insanın düşündüyü qədər mütləq və qaçılmaz deyil. İnsan bunu hiss etdiyini düşündükdə ilk növbədə öz psixoloji və fiziki vəziyyətini yoxlamalı, mütəxəssisə müraciət etməli, eyni zamanda mənəvi qorunma yollarını da davam etdirməlidir. Qorxu üzərində qurulan yanaşma insanı zəiflədir, amma anlayış üzərində qurulan iman insanı gücləndirir. İslamın bizə verdiyi əsas mesaj da budur".
Fatimə Məmmədova
13:32 24.03.2026
Oxunuş sayı: 4227