Səhiyyədə gizli ödənişlər - vətəndaş niyə ikiqat ödəyir?
Son illərdə vətəndaşların dövlət xəstəxanalarında üzləşdiyi ödəniş problemi artıb.
Xəstələr bildirirlər ki, rəsmi olaraq dövlət xəstəxanasında xidmət pulsuz olsa da, hər hansı müayinə, analiz və ya həkim konsultasiyası üçün əlavə ödəniş tələb olunur.
Bu ödənişlərə görə, bir çox vətəndaş narazılıq edir və məsələnin qanunsuz olduğunu iddia edirlər. Belə ki, ödənişlər bəzən “xidmət haqqı” adı altında gizli formada alınır və bunu geri tələb etmək çox vaxt mümkün olmur. Bu vəziyyət isə sıravi vətəndaşlar üçün ciddi maliyyə yükü yaradır və dövlətin səhiyyə siyasətinə inamı azaldır.
Crossmedia.az-a açıqlama verən Vəkillər kollegiyasının üzvü, vəkil Anar Ramazanovun sözlərinə görə, dövlət mülkiyyətində olan, dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində vətəndaşlardan hər hansısa tibbi xidmət üçün ödəniş tələb olunması bir qayda olaraq qanunsuzdur:

"Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan Respublikası vətəndaşlarına tibbi xidmətlər ödənişsiz həyata keçirilir. Lakin burada bir şərt var ki, belə tibbi xidmətlər bir qayda olaraq, icbari sığorta paketinə daxil olan hədlərdə ödənişsiz həyata keçirilir.
Belə ki, vətəndaşların qəbulu, müayinəsi bəzi tibbi xidmətlərdə icbari tibbi sığorta paketinə daxil edilmir. Bəzi xidmətlərlə bağlı isə müəyyən əlavə ödənişlər tələb olunur. Amma ödəniş tələb olunduqda vətəndaş bununla bağlı tibb müəssisəsinin rəhbərliyinə şikayət edə bilər və həmin müəssisənin əməkdaşı barədə inzibati və ya intizam tədbirlər görülə bilər".
Hüquqşunas qeyd edib ki, əgər vətəndaşdan tələb olunan ödəniş icbari sığorta paketi ilə nəzərdə tutulmuş ödənişdirsə təbii ki, bu halda tibb müəssisəsinin məsuliyyəti yoxdur:
"Lakin icbari sığorta paketində nəzərdə tutulmayan və tam qanunsuz bir ödənişdirsə, həmçinin məbləğ 5-10 manat dəyərində olsa belə əməkdaş ən azı inzibati və ya intizam məsuliyyətinə cəlb edilə bilər".
Fatimə Məmmədova
12:43 24.03.2026
Oxunuş sayı: 1154