Azərbaycanda bahalaşmanın qarşısını necə almaq olar?- Yollar açıqlandı
Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin qiymətinin artması əlavə tədbirlərin görülməsini zəruri edir. Milli Məclisin deputatı Tahir Rzayev plenar iclasda bu barədə danışaraq bildirib ki, qiymət artımının qarşısını almaq üçün müxtəlif dövlət qurumları – nazirliklər, komitələr və agentliklər yardımçı təsərrüfatlar yaratmalıdır. Deputatın fikrincə, hər bir idarə və təşkilat torpaq sahəsi əldə edib orada aqrar məhsullar yetişdirərsə, həm bazarda qiymətlərin tənzimlənməsinə, həm işçilərin ucuz məhsullarla təminatına, həm də yeni iş yerlərinin yaradılmasına imkan yaranacaq.
Onun səsləndirdiyi fikirlər barədə iqtisadçı Rəşad Həsənov Crossmedia.az-a açıqlama verib:

"Aqrar məhsulların istehsalı ilə bağlı hökumət bir sıra istiqamətlərdə həm mövzu təşviqi mexanizmlərinin təkmilləşdirilməsi və artırılması, həm də yeni mexanizmlərin formalaşdırılması ilə prosesi dəstəkləməlidir deyə düşünürəm. Aqrar sektor Azərbaycanda ölkənin potensialına adekvat məhsuldarlığa malik olmalıdır.
Bu istiqamətdə ilk təşəbbüslər daha çox məhsuldarlığın artırılmasına yönəlməlidir. Çünki Azərbaycanda əhalinin 36%-nin məşğul olduğu sahənin iqtisadiyyatdakı payı təxminən 5-6% ətrafında dəyişir. Bu isə göstərir ki, aqrar sahənin intensiv inkişafı məsələsində, məsələn Niderland və İsrail kimi ölkələrin təcrübəsi ilə müqayisədə Azərbaycanda göstəricilər dəfələrlə aşağıdır.
Bu isə əsas verir ki, Azərbaycanda ən mühüm problemlərdən biri məhsuldarlığın artırılmasına yönəlmiş siyasətlərin hazırlanmasıdır".
İqtisadçı əlavə edib ki, təşviq mexanizmləri daha çox məhsuldarlıq əsaslı olmalı, eyni zamanda tədarük zəncirində prosesi dəstəkləməli, sığorta mexanizmləri təkmilləşdirilməli, risklər minimuma endirilməli və resurslar adekvat paylanmalıdır: "O cümlədən suya əlçatanlığın artırılması məsələsi xüsusilə önəmli olmalıdır.
Hökumət tədarük zəncirində zamanlı satış qiymətləri mexanizmlərinin tətbiqi ilə bağlı tədbirlər işləyib hazırlamalıdır. İstehsalçının gəlir riskləri sığortalana, eyni zamanda istehsalçının məhsullarını realizə etməsi üçün maneələr aradan qaldırılmalıdır. Bu, istehsalçıların əsas məqsədini – məhsuldarlığın artırılması və intensiv təsərrüfatçılığa yönəlməsini təmin edəcək.
Azərbaycanda təəssüf ki, istehsalın əhəmiyyətli hissəsi təsadüfi şəkildə həyata keçirilir və kənd təsərrüfatı korporasiyalarının inkişaf etməməsinin dezavantajları məhsuldarlığa mənfi təsir göstərir. Maliyyə çatışmazlığı, texnologiyanın tətbiq olunmaması, bilgi əsaslı və elmi-texniki tərəqqiyə dayanan istehsal prosesinin zəifliyi Azərbaycanda aqrar sektorun nəticələrinə mənfi təsir göstərir.
Digər tərəfdən, ən vacib amillərdən biri işğaldan azad olunmuş ərazilərin aqrar məhsul istehsalı baxımından potensialının qısa müddətdə səmərəli formada iqtisadiyyata inteqrasiyasıdır. Bu istiqamətdə məhsul ekspansiyası ilə ölkənin istehsal qabiliyyətinin artırılması əsas məqsəd olmalıdır".
Ayhan
16:53 16.03.2026
Oxunuş sayı: 1794